Azərbaycan Dövlətinin rəsmi mövqeyi

resmimovqeMünaqişənin həllinə dair Azərbaycanın mövqeyi ATƏT çərçivəsində uzun sürən vasitəçilik səylərinin heç də həmişə ardıcıl olmamasına və nəticə verməməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə konstruktiv həllinə tərəfdar olmaqda davam edir. Azərbaycan hökumətinin məqsədi bütün işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cənubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar olmasına nail olmaqdır. Nizamlama prosesinin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycan daxilində statusunu işləyib-hazırlamaq, onun modelini və hüquqi çərçivəsini müəyyən etməkdir. Azərbaycan tərəfi inanır ki, hər hansı statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azərbaycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivəsində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır. Münaqişə tərəflərinin Dağlıq Qarabağın Azərbaycan daxilində özünüidarə statusunun müzakirələrinə başlaması mərhələsinə çatması üçün bir sıra mühüm addımlar atılmalıdır:

Birinci, münaqişənin həlli kontekstindən hərbi işğal amili kənarlaşdırılmalıdır. Tutarlı səbəblər olmadan ərazilərin geri qaytarılmasının gecikdirilməsi onsuz da çətin olan nizamlama prosesini mürəkkəbləşdirə bilər.

İkinci, bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət bərpa olunmalıdır. Məlum məsələdir ki, Dağlıq Qarabağın statusu yalnız və yalnız erməni və azərbaycanlı icmalarının yanaşı yaşayışı şəraitində və hər iki icmanın birbaşa iştirakı ilə müəyyən oluna bilər.

Üçüncü, Dağlıq Qarabağın yeni özünüidarə statusu işlənib-hazırlananadək Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni icmasının yerli hakimiyyət orqanları arasında qarşılıqlı əlaqə yaradılmalıdır.

Dördüncü, bölgə iqtisadi cəhətdən inkişaf etdirilməli və bərpa olunmalıdır. Bu, həyatı normallaşdırma prosesi və iki icmanın dinc yanaşı yaşaması və əməkdaşlığının bərpası üçün mühüm addımdır. Buraya iki icma, eləcə də Azərbaycan və Dağlıq Qarabağın mərkəzi hakimiyyət orqanları arasında iqtisadi əlaqələrin bərpası və inkişafı, hər iki istiqamətdə hər iki tərəfin qarşılıqlı istifadəsi üçün kommunikasiyaların bərpası və açılması da daxildir. Belə olacağı təqdirdə, Dağlıq Qarabağ bölgəsinin erməni əhalisi Ermənistanla, Azərbaycan da Laçın dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmaq imkanı əldə edəcəkdir.

Beşinci, iki icma arasında humanitar sahədə əməkdaşlıq, təhsil və dözümlülük kimi xüsusi proqramlar həyata keçirilməlidir. Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh sazişinin yerinə yetirilməsinə gəldikdə, o, həmin sazişlə hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər, eləcə də böyük dövlətlər və beynəlxalq təşkilatlar da daxil olmaqla, müvafiq beynəlxalq zəmanətlərlə təmin edilməlidir. Aydındır ki, sülh prosesinin müvəffəqiyyəti həmçinin tərəflərin konstruktiv yanaşmasından, eləcə də beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəal yardımından asılıdır. Bununla belə, Ermənistanın məsələ ilə bağlı tutduğu mövqe üzündən nəzərəçarpan müsbət dəyişikliyə ümid etmək çox çətindir. Əslində münaqişənin lap başlanğıcından Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi güc yolu ilə ərazi ələ keçirmək və işğal edilən ərazilərin demoqrafik tərkibini dəyişmək olmuşdur. Məhz birtərəfli ayrılmaya nail olmaq məqsədilə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi işğal olunmuş rayonlar üzərində nəzarəti saxlamaq istəyir, azərbaycanlı köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını alır və beləliklə də hər iki icmanın fikirlərinin bərabər əsasda nəzərdən keçirilməsini əngəlləyir. Aydındır ki, Ermənistanın məsələyə bu cür yanaşması münaqişənin həlli üçün möhkəm təməl rolunu oynaya bilməz. Vəziyyətin bu cür saxlanılması qanunun aliliyi və insan hüquqlarının pozulmasının nəticələrini qəbul etmək, yaxud başqa sözlə desək, zorakılığın ədalət üzərində qələbə çalması demək olardı. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, ərazi bütövlüyü məsələsində əsla güzəştə getməyəcək və beləliklə də münaqişənin Ermənistan tərəfinin zorla qəbul etdirməyə çalışdığı “fait accompli”, yəni baş tutmuş fakt anlayışı əsasında həllini qəbul etməyəcək. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, eləcə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının demokratiya və inkişafdan tam və bərabər qaydada yararlanaraq dinc yanaşı yaşaması əsasında həll oluna bilər. Münaqişənin tezliklə həlli üçün konkret perspektivin olmaması və “nə sülh, nə də müharibə” vəziyyətinin davam etməsi Azərbaycanın demokratik təhlükəsizliyi, müstəqilliyi və inkişafına daimi və birbaşa təhdiddir. Bu, eyni zamanda bütün Cənubi Qafqaz regionunda qeyri-sabitliyin əsas mənbəyidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi

komiteAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Komitənin əsas vəzifələri qaçqınların,  və məcburi köçkünlərin  müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “qaçqın” və ya “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) vermək və bu statusdan məhrum etmək, qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının beynəlxalq və yerli ictimaiyyətə çatdırılmasını aidiyyəti icra hakimiyyəti orqanları vasitəsilə həyata keçirmək, məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunu aparmaq, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil etmək, müvəqqəti məskunlaşdıqları yerlərdə və repatriasiya dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirlərini həyata keçirmək, məşğulluğun artırılması, yoxsulluğun azaldılması, qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparılması, onlar üçün mənzil və sosial obyektlərin, təmir-tikinti işlərinin aparılması, tikinti obyektlərini müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası

komissiya• Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir;

• əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir;

• Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir;

• əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır;

• əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür;

• əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir;

• Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir;

• əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir;

• əsirlikdən və girovluqdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür;

• əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir;

• Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür;

• hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində cəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir;

• Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır;

• Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.