Erməni terror təşkilatları

teshkilatDünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adları:

“Armenakan” partiyası:1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olmuşdur.

“Hnçak” partiyası:1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir; “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”

“Daşnaksütyun” – erməni federativ inqilab partiyası:1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir. “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış “Erməni “soyqırımının” intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.

“Erməni gizli azadlıq ordusu” (ASOA):1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA):1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A. Akopyan 01.08.1980-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”. ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA “pantürkist neft borusu” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.

“Geqaron”:2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd – Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir. “Erməni azadlıq hərəkatı” (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

“Erməni azadlıq cəbhəsi”:1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

“Orli qrupu”:1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

“Erməni soyqırım ədalət komandosları”:1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının qurultayı zamanı yaradılıb. “Erməni soyqırımı ədalət komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

“Erməni birliyi”:1988-ci ildə Moskvada yaradılmışdır. “ASALA” ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

“Demokratik cəbhə”:ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.

“Apostol”:2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.

Ermənilərin törətdiyi terror aktları

Ermənilərin nəinki Azərbaycanın Qarabağ bölgəsində, ümumilikdə Azərbaycan ərazisində törətdikləri terror aktlarının miqyası çox genişdir. Bunu aydın təsəvvür etmək üçün təkcə XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir:

aktSərnişin avtobuslarında törədilmiş terror aktları

  1. 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır.
  2. 16 sentyabr 1989-cu il – Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
  3. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır. Terrorçuları həbs etmək mümkün olmamışdır.
  4. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törətmişlər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azərbaycanlı kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunmuş, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum edilmişlər. S. Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilmişdir. (1993-99- cu illərdə qondarma DQR-in müdafiə naziri olmuş, hazırda o, prezident A. Qukasyana qarşı suiqəsddə təqsirli bilinir).
  5. 10 avqust 1990-cı ildə «Şamxor-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF nömrəli avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.
  6. 10 avqust 1990-cı il – Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayəti törətmiş erməni terrorçuları Armen Мixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunmuş, 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilmiş, M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.
  7. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır.
  8. 14 mart 1991-ci ildə «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
  9. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır;

– Cəmi Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olmuşdur;

Həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını kəsmişlər.

Həlak olanlar: 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar)

Yaralananlar: 132 nəfər

Sərnişin və yük qatarlarında törədilmiş terror aktları

1990-1994-cü illərdə ermənilər sərnişin və yük qatarlarında 10 terror aktları törətmişlər:

24 mart 1990-ci ildə «Noraşen-Bakı» yolunun 364-cü km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.

30 may 1991-ci il Dağıstan Respublikasının Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmışdır, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

31 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Cinayətkarı müəyyən etmək mümkün olmamışdır.

30 may 1991-ci ildə Dağıstanın Xasavyurt stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 22 nəfər ağır yaralanmışdır.

31 iyun 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər ağır yaralanmışdır.

28 fevral 1993-cü il – Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

2 iyun 1993-cü il – Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır. Həlak olan və yaralanan yoxdur. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-ci il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir.

1 fevral 1994-cü ildə – Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılmışdır.

13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

Həlak olanlar: 74 nəfər

Yaralananlar: 125 nəfər

Hava nəqliyyatında törədilmiş terror aktları

akt1

  1. 20 noyabr 1991-ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər – AR Milli Məclisin deputatı, Dövlət katibi T. İsmayılov, Baş nazirin müavini millət vəkili Z. Hacıyev, Dövlət müşaviri millət vəkili M. Əsədov, Baş Prokuror İ. Qayıbov, millət vəkilləri V. Cəfərov və V. Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O. Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q. Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ. Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S. İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N. Cinkin, AR Dövlət katibinin köməkçisi R. Məmmədov, Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətinin əməkdaşları, A. Mustafayev, A. Hüseynzadə və F. Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M. Lukaşov, və podpolkovnik V. Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S. Serikov və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.
  2. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur.
  3. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 34 nəfər həlak olmuşdur.

Həlak olanlar: 104 nəfər

Bakı metropolitenində törədilmiş terror aktları

akt2

19 mart 1994-cü il Bakı metropoliteninin 20 yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.

3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may – Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş Azərbaycan Respublikasının vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir.

Həlak olanlar: 27 nəfər

Yaralananlar: 91 nəfər

Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı

akt3

08 yanvar 1992-ci ildə «Krasnovodsk-Bakı» sərnişin bərəsi partladılmış, nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır.

Hesablamalara görə, indiyədək ermənilər tərəfindən mülki şəxslərə və hərbçilərə qarşı 338 terror aktı törədilmişdir. Bu zaman həlak olanların sayı 881 nəfər, yaralananların sayı isə 1239 nəfər olmuşdur.

Ermənistanın beynəlxalq məsuliyyəti

Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların kütləvi şəkildə qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası, şəhər və kəndlərin, maddi-mədəniyyət abidələrinin dağıdılması, milli genofondun məhvinə yönəlmiş digər qəsdlərlə nəticələnmişdir.

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılan təcavüzkar müharibə nəticəsində 20 min nəfər azərbaycanlı şəhid olmuş, 50 min nəfərdən artıq insan yaralanmış və əlil olmuşdur. Bunlarla yanaşı, təcavüzkar müharibə Azərbaycanın iqtisadiyyatına milyard manatlarla hesablanan  dəhşətli bir zərbə vurmuşdur. Belə ki, müharibə nəticəsində ölkənin 20 faizini təşkil edən 17 min kv. km ərazi işğal olunmuş, 1 milyondan çox günahsız insan qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır həyat tərzi keçirməyə məhkum olunmuşlar. Müharibə nəticəsində Azərbaycanda 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən artıq təhsil və 250 tibb müəssisəsini itirmiş, 1000 iqtisadi obyekt dağıdılmışdır.

Bütün bunlara görə əsrin ən qatı cinayətkarı olan Ermənistan nəinki Azərbaycan, ümumilikdə dünya qarşısında beynəlxalq məsuliyyət daşıyır. Beynəlxalq konvensiya və qətnamələrə əsasən Ermənistanın cinayətlərini belə qruplaşdırmaq olar:

  1. Azərbaycan dövlətinin ərazisinə təcavüz və onun müəyyən hissəsinin işğalına görə (BMT tərəfindən 1974-cü ildə qəbul edilmiş “Təcavüzün anlayışı haqqında” qətnaməyə əsasən);
  2. Azərbaycanın işğal olunmuş ərazilərində mülki əhalinin deportasiyasına görə (“Mülki əhalinin mühafizəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyasına əsasən);
  3. Hərbi əsirlərlə qeyri-insani rəftar, onlara işgəncə verilməsi və onların həyatdan məhrum edilməsinə görə (“Hərbi əsirlərlə rəftar haqqında” 1949-cu il Cenevrə Konvensiyası);
  4. Silahlı münaqişələr zamanı yaralı və xəstələrlə qəddar rəftar, onlar üzərində tibbi eksperimentlərin aparılmasına görə (“Quru müharibələrində yaralı və xəstələrin mühafizəsi haqqında” Cenevrə Konvensiyasına və 1977-ci il I əlavə protokoluna əsasən);
  5. Azərbaycanlılara qarşı soyqırım siyasətinin həyata keçirilməsinə görə (Xocalı soyqırımı, 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasına əsasən);
  6. Azərbaycanlıların vətənlərində sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaq, onların öz mülkiyyətindən istifadə etmək hüququnu pozmasına görə (“insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa konvensiyasına əsasən);
  7. Ermənistanın hərbi cinayətkarları tərəfindən törədilmiş beynəlxalq cinayətlərin qarşısının alınmaması və cinayət törətmiş şəxslərin məsuliyyətə alınmamasına görə (Cenevrə Konvensiyarına 1977-ci il I əlavə protokolun 91-ci maddəsinə əsasən);
  8. Ermənistan dövlətinin maddi və siyasi məsuliyyəti ilə yanaşı münaqişə zamanı beynəlxalq cinayət törətmiş şəxslər də beynəlxalq cinayət məsuliyyəti daşımalıdırlar.