Münaqişənin fəsadları

mfesadErmənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:

Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 kv km. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə);

Laçın rayonu: işğal tarixi – 17 may 1992-ci il, ərazisi – 1875 kv km;

Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il, ərazisi – 1936 kv km

Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il, ərazisi – 1154 kv km;

Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1050 kv km;

Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1139 kv km;

Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il, ərazisi – 826 kv km;

Zəngilan rayonu: işğal tarixi – 30 oktyabr 1993-cü il, ərazisi – 707 kv km.

Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.

İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir.

İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri

Tank 316

Artilleriya 322

ACV 324

Şəxsi heyət 40 000

İşğal olunmuş ərazilərə qanunsuz köçürülən əhali

Dağlıq Qarabağ 8 500

Laçın 13 000

Kəlbəcər 700

Zəngilan 520

Cəbrayıl 280

Cəmi 23 000

Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının 1, Ağdam rayonunun 80, Füzuli rayonunun 54, Tərtər rayonunun 13 və Qazax rayonunun 6 kəndi hələ də işğal altındadır.

İşğalın ağır nəticələri

neticeleriAzərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdur. Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan – cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demarkasiya xətləri dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.

Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının (MR) Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur. Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağstafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir.

Qeyd olunmalıdır ki, işğal olunmuş regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Şırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilir. Turşsu və İsa bulağı əsrlər boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olmuşdur. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür.

Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi.

Dağlıq Qarabağla respublikanın digər bölgələri arasında aşağıdakı istiqamətlərdə hərtərəfli geniş əlaqələri mövcud olmuşdur:

  1. İstehsalın kooperasiya əlaqələri – yəni, xalis istehsal əlaqələri, o cümlədən, xammal – yanacaq mənbələrinə görə;
  2. Əmtəə-mal dövriyyəsi;
  3. Maddi-texniki təchizat;
  4. Nəqliyyat-yük əlaqələri ;
  5. Elmi-texniki əlaqələr;
  6. Dövlət idarəetmə əlaqələri;
  7. Mədəni-maarif əlaqələri və s.

Beləliklə, göstərilən bu əlaqələrin hər birinin dərindən təhlili aparılarsa, o zaman Dağlıq Qarabağın Azərbaycanla sıx əlaqədə olduğunun real mənzərəsini görmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi səkkiz faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 %, idxalının isə 1,4 %-i Ermənistan Respublikasının payına düşdüyü halda, Azərbaycana onun ixracatını 33,3 % düşürdü, idxalat payı isə daha yüksək idi.

Zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat-kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hal-hazırda dağıdılmışdır. Bu dağıntılardan həm də Qarabağ zonasından kənarda yerləşən və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan MR daha çox əziyyət çəkir.

Nəqliyyat-kommunikasiya baxımından Dağlıq Qarabağın ərazisi Ermənistanın paytaxtı Yerevandan və digər iri iqtisadi mərkəzlərdən çox uzaqda yerləşir; onları birləşdirən dağ yolları təbii fəlakətlər və iri həcmdə yük daşınmaları baxımından o qədər də əlverişli deyildilər.

Beləliklə, hazırda Ermənistanın işğalı altında olan rayonların hamısı Azərbaycanla sıx bağlı olmuşdur. Nəqliyyat-kommunikasiya sistemləri, iqtisadi meyl etməsi bu bağlılığın əsasını təşkil etmişdir. Ona görə də, ermənilərin təkcə milli özünütəyinetmə prinsipindən çıxış edəcək sosial-iqtisadi baxımdan həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur.

İşğalçılar Azərbaycanın artıq özününküləşdirilmiş hesab etdikləri tarixi Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdırlar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qururlar. Azərbaycanın Laçın dəhlizində hərbi-mühəndislik baxımından başdan-başa yeni tikililər aparılır.

Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını ələ keçirməsi və istədiyi kimi orada dəyişikliklər aparması müasir beynəlxalq hüquq baxımından yolverilməz hesab olunur. Beynəlxalq hüquq baxımından bu ərazilərdə olan bütün resurslar Azərbaycanın mülkiyyəti olaraq qalmaqda davam edir, həmin mülkiyyət yalnız müvəqqəti olaraq işğal altında hesab olunur və mütləq öz qanuni sahibi olan Azərbaycana qaytarılmalıdır.

Bütün bu deyilənlər bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinə xalis milli azlıqlarının öz müqəddəratını sərbəst təyin etməsi kimi ibarəli sözlərlə ört-basdır etməyin heç bir hüquqi, sosial-iqtisadi əsasları yoxdur.

Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və b. özləri ilə düzən ərazilərə bol su gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Bu kompleks 1976-cı ildən Azərbaycan Sovet Sosialist Respublikası (SSR) üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir. Göstərilən Tərtər hidrokompleksinin yaratdığı Sərsəng su anbarı və elektrik stansiyası hazırda Ermənistan hərbi qüvvələrinin nəzarəti altındadır. Sərsəng su anbarında suyun həcmi 560 min kub metrdir. Bu anbardan öz başlanğıcını götürən magistral kanallar düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Goranboy rayonlar ərazilərində 80,1 min hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı ermənilər tərəfindən kəsildiyinə görə Azərbaycanın göstərilən rayonlarında əkinlər məhsul vermir.

Humanitar fəlakət

felaketQaçqınlar və məcburi köçkünlər

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapmışdır.

Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 – dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.

Azərbaycanda həmçinin 11 min nəfərdən çox «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və

Fələstindən olan şəxslər təşkil edir. Beləliklə, hazırda Azərbaycanda bir milyonadək qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.

Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının 1, Ağdam rayonunun 80, Füzuli rayonunun 54, Tərtər rayonunun 13 və Qazax rayonunun 6 kəndi hələ də işğal altındadır.

Əsir, girov və itkin düşənlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2006-cı ilin əvvəlindən bu günə kimi aparılmış araşdırma zamanı Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 76 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Beləliklə, 18 aprel 2006-cı il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4600 nəfər təşkil etmişdir. Onlardan 3696 nəfər hərbçi, 904 nəfər mülki şəxsdir. Mülki şəxslərdən 52 nəfər uşaq (18 nəfər azyaşlı qız), 394 nəfər qoca (179 nəfər yaşlı qadın), 99 nəfər ortayaşlı qadın, 359 nəfər ortayaşlı kişidir. Əsir, itkin düşmüş 4600 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.

Əsir və girovluqdan 1381 nəfər azad edilmişdir. Onlardan 340 nəfər qadın, 1041 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 286 nəfər qoca (110 nəfər yaşlı qadın), 164 nəfər ortayaşlı qadın, 775 nəfər ortayaşlı kişidir.

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 86 nəfər qadın, 365 nəfər kişidir. 124 nəfərin yalnız adı məlumdur, 69 nəfər isə naməlum şəxslərdir.

Əsirlikdə qətlə yetirilənlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən «Müharibə qurbanlarının müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respublikasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur.

hfelaket1Aşağıda bu faktların bir qismi göstərilir:

Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.

Xocavənd rayonu Qaradağlı kənd sakini ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur. 1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından («QSM-7») Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya («Uraqan») bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinn radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.

Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir.

Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şahidliyinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.

16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın «Həkimlər insan hüquqları uğrunda» təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya «qaçmağa cəhd edərkən» öldürülməsi fikrini rədd etmişdir.

Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.

Əsirlikdə verilən işgəncələr

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.