Ermənistan – Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi

 

Münaqişənin tarixi

Tarixi faktlar göstərir ki, XIX əsrə kimi nəinki Qarabağda, ümumilikdə Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdir. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu.

Ermənilərin Qafqazda məskunlaşdırılması müxtəlif dövrlərdə mərhələli şəkildə həyata keçirilmişdir. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalamışdır. “Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında” adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu. 1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalamışdır. 1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman vermişdir. 1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunmuşdur. 1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş vermişdir.

Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir. Bununla da əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu. 1828-

1829-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı.

Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda – İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişmişdi.

Ermənilər Azərbaycan ərazilərində məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilmişdir. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Tarixi qaynaqlarda təsdiqlənir ki, ermənilər həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndini tamamilə yerlə yeksan etmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar.

“Paytaxtsız” respublika yarandığı gündən erməni şovinistləri əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Loru-Pəmbək və Şörəyel qəzalarında, Zəngəzurda, Göyçədə və digər yerlərdə kütləvi qırğınlar törətdilər. Faktlar göstərir ki, Ermənistan Respublikasında qatı millətçilərin hökmranlıq etdiyi 1918-1920-ci illərdə onlar “türksüz Ermənistan” şüarını həyata keçirməyə xeyli dərəcədə nail ola bilmişdilər. Həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya zorla öz yurdlarından qovulub çıxarılmışdı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra onlardan yalnız 60 min nəfəri öz doğma yurduna qayıda bilmişdi.

1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz vətənindən didərgin salınmışdır. Bu dövrdə Bakıda və Şamaxıda ermənilərin həyata keçirdiyi kütləvi soyqırımı aktları daha dəhşətli olmuşdur. Bakıda 30 minə yaxın insan xüsusi qəddarlıq və amansızlıqla məhv edilmişdir. Şamaxının 58 kəndi xarabazara çevrilmiş, 7 min nəfər insan öldürülmüş (onlardan 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq olmuşdur), Quba qəzasında müsəlmanların yaşadığı 122 kənd yandırılmış və dağıdılmışdır. Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilmişdir. Bu kəndlərdə ermənilərin keçirdikləri əməliyyatlar faciəvi miqyasına görə dünya tarixinin ən amansız hadisələrindən olmuşdur. Zəngəzur qəzasında da eyni üsullarla 115 kəndi vəhşicəsinə darmadağın edən ermənilər İrəvan quberniyasında 211, Qarsda 92 kəndi talan edərək yandırmışlar. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. Həm Gülüstan, həm də Türkmənçay müqavilələri bunu bir daha təsdiqləyirdi. Azərbaycan ərazilərini etnik baxımdan bölmək cəhdləri nəticə etibarilə ölkənin siyasi və coğrafi anlamda parçalanmasına gətirib çıxarmalı idi. Nə qədər ağrılı olsa da, baş verən hadisələrin təhlili və tarixi xronologiya bu planların müəyyən hissəsinin yerinə yetirildiyini təsdiqləyir.

XX əsrin əvvəllərində Cənubi Qafqazda cərəyan edən proseslərin məntiqi nəticəsi ona gətirib çıxardı ki, artıq sovet hökumətinin qurulduğu ərəfədə Azərbaycan ərazilərinin böyük bir hissəsi ermənilərin tabeliyinə keçmişdi. Tarixi qaynaqlarda Ermənistan dövlətinin olmadığı tam açıq şəkildə göstərilmişdir. Bəzi nəhəng ölkələrin maraqları Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını tələb edirdi. Bunun isə ən ağır nəticələrini Azərbaycan xalqı öz taleyində yaşamalı oldu. 1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən ermənilərin bu istiqamətdə iddiaları get-gedə daha da artdı.

Vaxtilə əhalisi başlıca olaraq azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycan əyalətlərində – Zəngibasar, Vedibasar, Zəngəzur, Göyçə, Ağbaba, Dərəçiçək, Sisyan, Qafan, Qəmərli, Qaraqoyunlu, Qırxbulaq, Şərur, Sürməli, Seyidli, Sərdarabad, Abaran, Gərnibasar və başqa yurdlarımızda bir nəfər belə azərbaycanlı qalmasa da, tarixin yaddaşına həmin vilayətlər qədim azərbaycanlı yurdları kimi həkk olunmuşdur.

Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə birləşdirilməsi məsələsi hətta Kremlin özündə və Siyasi Büroda müzakirə edilən məsələlərdən birinə çevrilmişdi. Öz himayədarlarının köməyilə ermənilər Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirdilər. 1969-cu ilin mayında Qazax və bir neçə başqa rayonun ərazisində yerləşən bəzi kəndlərin Ermənistana birləşdirilməsi barəsində bu ölkənin Ali Soveti qərar qəbul etdi. Bu qərar SSRİ Ali Soveti tərəfindən də təsdiq olundu. Lakin Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi bu qərarın həyata keçməsinə imkan vermədi. SSRİ kimi nəhəng bir dövlətdə qanunverici orqanın qərarının yerinə yetirilməməsinin nə demək olduğunu başa düşmək çətin deyil. Lakin Heydər Əliyev öz xalqının milli maraqları naminə böyük riskə gedərək Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsinin qarşısını aldı. Buna baxmayaraq, 1986-cı ildə Azərbaycan rəhbərliyinin etinasız münasibəti ucbatından həmin qərarda nəzərdə tutulan bəzi ərazilər Ermənistana birləşdirildi.

1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etdi.

Respublikanı komissiyada təmsil edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı.

1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. M. Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1988-ci ildə ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Proseslər o dərəcədə sürətlə cərəyan edirdi ki, azərbaycanlılar nə ermənilərin

brilyant sovqatı müqabilində Qorbaçovun hadisələrə biganəliyinin, böyük bir ərazinin respublikanın nəzarətindən faktiki olaraq çıxarılmasının, nə də hakimiyyətin etinasız və səriştəsiz siyasətinin məntiqini başa düşməyə imkan tapa bildilər. Konfliktin coğrafiyası isə günü-gündən genişlənirdi. 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və bu baxımdan Azərbaycandakı kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində deyildi.

Şübhəsiz ki, ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində məhz kənar qüvvələrin dəstəyi daha böyük rol oynamışdır. Bu mənada o vaxtkı SSRİ rəhbərliyinin səyləri xüsusilə qabarıq şəkildə nəzərə çarpırdı. 1990-cı ildə Sovet ordusunun Bakıda keçirdiyi əməliyyatlar bunu bir daha təsdiqlədi. Dağlıq Qarabağın Ermənistana ilhaqına etiraz əlaməti olaraq keçirilən mitinqlər sovet əsgərlərinin güllələri ilə yatırıldı.

1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana gəldi. Muxtar respublikada vəziyyət həddindən artıq gərgin idi. İqtisadi blokadanın ağır şərtləri altında yaşamağa məhkum edilmiş naxçıvanlılar bu qayıdışın talelərində böyük dönüş nöqtəsi olduğuna inanırdılar. Çox qısa vaxt ərzində və məhdud imkanlar çərçivəsində Heydər Əliyev Naxçıvanda ciddi dəyişikliklər etməyə müvəffəq oldu. Naxçıvan MSSR Ali Sovetinə deputat seçildikdən dərhal sonra məhz onun təşəbbüsü ilə muxtar respublikanın adındakı SSR sözü götürüldü. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul edildi. 1991-ci il sentyabr ayının 3-də isə Naxçıvan Ali Məclisi Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi haqqında qərar qəbul etdi. Muxtar respublikanın yeni rəhbəri iqtisadi problemlərin həllinə diqqət yetirməklə yanaşı, həm də Ermənistanla sərhəddə gedən qanlı döyüşləri səngitmək missiyasını yerinə yetirdi.

1992-ci ildən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı. 1992-ci ildə Xocalıda həyata keçirilən dəhşətli soyqırımı aktı erməni vəhşiliyinin miqyasını aydın təsəvvür etməyə imkan verir. Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə reallaşdırılan bu terror əməliyyatında 613 nəfər azərbaycanlı qətlə yetirildi. Xocalı faciəsi zamanı öldürülənlərdən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri qadın olmuşdur. 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür ki, onların da böyük bir hissəsi qocalar, qadınlar və uşaqlar olmuşdur, 8 ailə bütövlükdə məhv edilmişdi. Xocalı ermənilərin azərbaycanlılara qarşı apardığı çoxəsrlik düşmənçilik münasibətinin ən bariz nümunələrindən biri kimi tarixə həkk olundu.

2 aprel 1993-cü ildə Kəlbəcər rayonunu işğal etdilər. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının sədri Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalını ittiham edərək bu ərazilərin dərhal azad edilməsini və ordunun oradan çıxarılmasını tələb edən bəyanatla çıxış etdi. Ermənistan isə Azərbaycana qarşı müharibəni davam etdirərək 7 iyulda Ağdərəni tutdular. Bundan sonra ermənilər 1993-cü ilin iyul-oktyabr ayları arasında isə Ağdam (23 iyul), Füzuli (23 avqust), Cəbrayıl (23 avqust), Qubadlı (31 iyul) və Zəngilan (30 oktyabr) kimi Qarabağ ətrafı rayonlarını işğal etdi. Beləliklə, Azərbaycanın Qarabağ Bölgəsi (Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə) ətrafında işğal olunmuş rayonlarının sayı 7-yə (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) çatdırıldı.

Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə hakimiyyətə yenicə seçilmiş Heydər Əliyev 2 noyabrda televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. 1993-cü ilin noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı.

Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Azərbaycan Respublikası belə bir şəraitdə 8 may 1994-cü ildə Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirdi. Bu təcavüz nəticəsində 20.000-ə yaxın insan həlak oldu, 50.000 nəfər yaralandı və əlil qaldı, milyondan artıq insan öz torpağından məhrum oldu, məcburi köçkün vəziyyətinə düşdü, 5000 insan itkin düşdü. Bundan başqa, müharibə və ərazilərin işğalı nəticəsində Azərbaycan böyük miqdarda sosial-iqtisadi zərərə məruz qaldı. Birbaşa və dolayı itkilərin ümumi miqdarı 60 milyard ABŞ dolları təşkil etdi.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrin 316 tank, 324 PDM, 322 artilleriya, 50.000 şəxsi heyəti yerləşdirildi.

1995-ci ilə qədər beynəlxalq təşkilatların Dağlıq Qarabağ haqda bir-çox bəyanatları oldu. BMT Təhlükəsizlik Şurası 822-ci (30.04.1993), 853-cü (29.07.1993), 874-cü (14.10.1993) və 884-cü (11.11.1993) qətnamələri qəbul edib və Ermənistandan bu qətnamələrin qərarlarına tabe olaraq qeyd-şərtsiz bütün hərbi birliklərini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmasını tələb edib və edir. Lakin BMT Təhlükəsizlik Şurasının bütün bu qətnamələrinə baxmayaraq, Ermənistan əvvəlkitək Azərbaycan ərazilərini işğal altında saxlayır və qəsb olunmuş torpaqları fəal şəkildə məskunlaşdırır, bununla da beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymur.

1997-ci ilin yanvarından ATƏT-in Minsk qrupu (ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var) danışıqlar üçün ABŞ, Fransa və Rusiyadan ibarət üç həmsədrdən təşkil olunmuş yeni format yaratdı. Minsk qrupu münaqişənin dinc yolla nizamlanması üzrə bu günə qədər müxtəlif təklifləri işləyib hazırlayıb. Amma Ermənistan tərəfi danışıqları uzatmaqda davam edir.

Ermənilərin təşkil etdiyi Sumqayıt hadisələri

shadise11988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ilə eyni vaxtda İrəvanda da kütləvi mitinqlər başlanıb. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırılıb. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulub. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası başlayıb. Bu deportasiya azərbaycanlıların kütləvi qətliamları, qəddar zorakılıqlara məruz qalması ilə müşaiyət olunurdu. Ermənistandan azərbaycanlıların zorla qovulması, evlərinə od vurulması, eyni zamanda Dağlıq Qarabağda ermənilərin tərəfindən azərbaycanlılara qarşı hücumların başlaması Azərbaycanda da qəzəb və hiddətə səbəb olurdu.

Belə bir vaxtda ermənilər dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırmaq, Ermənistandan qovulan yüz minlərlə azərbaycanlıdan diqqəti yayındırmaq və Dağlıq Qarabağın Azərbaycandan qoparılması planlarını həyata keçirmək üçün Sumqayıtda ermənilərə qarşı kütləvi qırğın planları qurublar. 1988-ci il fevralın 28-də və 29-da şəhərdə kütləvi iğtişaşlar törədilib. Bu iğtişaşlar nəticəsində 32 nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycanlı və 1 ləzgi öldürülüb.

Uzun illərdir  erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan, Sumqayıt hadisələrini “Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt” kimi təqdim edir.  Hələ 1988-ci ildən başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlib. Ermənistan Sumqayıt hadisələrinə dair uydurma faktlara söykənən təbliğatını 23 ildir davam etdirərək bu hadisələrin əsas təşkilatçılarının məhz ermənilər olduğu barədə təkzibolunmaz faktlara məhəl qoymur.

Əslində isə bu hadisələrlə bağlı o vaxt SSRİ prokurorluğu və Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən  aparılan istintaq zamanı əsl təşkilatçıların məhz ermənilər olduğu üzə çıxıb. İstintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olduğu çoxsaylı şahid ifadələri, təkzibolunmaz dəlillərlə təsdiqlənir. İstintaq müəyyən edib ki, həmin hadisələrdə öldürülən 26 ermənidən 6 nəfərini məhz E.Qriqoryan şəxsən qətlə yetirib. Həmçinin istintaq zamanı bəlli olub ki, hadisənin təşkilatçıları arasında E.Qriqoryanın qardaşları, habelə Ohanyan, Samoylov və Pavlovski familiyalı digər ermənilər də yer alır. Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanılmış, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına, bir nəfər – Əhməd Əhmədov isə güllələnməyə məhkum olunub. İstintaq Ə.Əhmədovun iğtişaşların əsas təşkilatçısı kimi təqsirləndirsə də onun günahını sübuta yetirmək üçün tutarlı dəlillər olmayıb.

shadise2İstintaq materiallarından artıq məlumdur ki, 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə mühakimə olunub üst-üstə 9 il 2 ay 13 gün həbsxanalarda yatmış milliyyətcə erməni olan Qriqoryan Eduard Robertoviç kütləni qızışdıran, əsasən yeniyetmələrdən və müxtəlif cinayətkar ünsürlərdən ibarət olan qrupları separatçı “Qarabağ” Komitəsinə və “Krunk” Cəmiyyətinə  pul verməkdən imtina edən ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirən  əsas şəxsdir. Qriqoryan  talan və digər cinayətlərdə fəal iştirak edib və  şəxsən 6 nəfər ermənini qətlə yetirib. E.Qriqoryan Sumqayıt hadisələri ilə bağlı şahid qismində təsadüfən saxlanılıb. Lakin istintaq zamanı zərərçəkmiş erməni qızlar – Marina və Karina Mejlumyan bacıları, onların anası Roza Mejlumyan tərəfindən tanınıb. Qriqoryanın əslində hadisələrin fəal iştirakçısı və təşkilatçılarından olduğu müəyyənləşib. Nəticədə istintaq qrupu onun barəsində həbs qərarı seçməli olub.

Qriqoryanın 6 ermənini şəxsən öldürdüyü istintaq tərəfindən sübuta yetirilsə də ermənilərin SSRİ məhkəməsinə təsiri, bu iğtişaşların arxasında duran qüvvələrin rolu nəticəsində ona cəmi 12 il həsb cəzası kəsilib, cəzasını çəkmək üçün Ermənistana göndərilib və bir neçə il sonra azadlığa buraxılıb. Sonradan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq isə birmənalı şəkildə müəyyən edib ki, hadisələrdə Qriqoryanla yanaşı onun 2 qardaşı da fəal iştirak edib. İstintaqın çoxsaylı şahid ifadələrinə əsasən müəyyən etdiyinə görə Eduard Qriqoryan və qardaşları Sumqayıt hadisələri ərəfəsində Dağlıq Qarabağdan olan erməni emissarlar ilə əlaqə saxlayıb, onlardan əslən qarabağlı olan, erməni separatizmini qəbul etməyən, onların fondlarına pul köçürməyən ermənilərin ev ünvanlarını müəyyənləşdirib. Fevralın 27-də öz dəstəsi ilə Sumqayıtda Ermənistanda azərbaycanlılara qarşı zorakılıqlara etiraz mitinqlərinin keçirildiyi meydana gedərək orada özünü “Qafandan gəlmiş azərbaycanlı” kimi təqdim edib. E.Qriqoryan Qafanda ermənilərin azərbaycanlıları kütləvi şəkildə qırdığı barədə danışaraq kütləni Sumqayıtda yaşayan ermənilərdən qisas almağa çağırıb. Daha sonra o “məndə ermənilərin siyahısı var, hara getmək lazım olduğunu bilirəm” deyərək təxminən 100 nəfərlik dəstə ilə erməni mənzillərində talançılığa başlayıb.

Zərərçəkmiş Sumqayıt sakini L.Melkumyanın Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq qrupuna verdiyi ifadədən: “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq zorlamağa başladı”. Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı şəxsin ifadəsindən: “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. İstintaq materiallarındakı digər epizodda isə deyilir: “E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır”.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb. O cümlədən Sumqayıtı tərk edən ermənilər də Ermənistan prokurorluğu tərəfindən bu hadisələrlə bağlı aparılan istintaqa verdikləri ifadələrdə azərbaycanlıların onları necə qoruduqları barədə çoxsaylı epizodlar danışıblar. Bu epizodlar Ermənistan prokurorluğunun istintaq materiallarında var.

Sumqayıt hadisələrinə dair aparılmış istintaq araşdırmaları nəticəsində bu hadisələrin təşkil olunmasında  SSRİ xüsusi xidmət orqanlarının da  əlinin olduğu yəqinləşib. Bu barədə şübhələr və məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı ortaya çıxıb. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə kifəyət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb, əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar və dəlillər ört-basdır edilib. Həmçinin Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmayıb, onlar dərhal “zərərçəkən” tərəf kimi buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalıb.

2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib. İstintaq qrupuna Baş prokurorun müavini başçılıq edir. Bu yenilənmədən sonra istintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqlər dindirilib. Araşdırmalar bu hadisələrin sifarişçiləri və təşkilatçılarının sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçılarının olduğunu təsdiqləyir.

ATƏT-in Minsk qrupu

atet1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropa Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-də ATƏM-in Helsinkidə keçirilən zirvə toplantısında onun sənədlərini imzaladı.

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏM-in diqqət obyektinə çevrildi. Fevralın ortalarında ATƏM-in xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) Praqada keçirilən 7-ci iclasında münaqişə bölgəsində olan missiyanın məruzəsi dinlənildi. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

ATƏM-in YVŞK-nin martın 13-14-də Helsinkidə keçirilən 8-ci iclasında münaqişənin davam etməsi və onun dinc siyasi vasitələrlə aradan qaldırılması yolları müzakirə olundu. Bu görüşdən sonra ATƏM-in YVŞK-nin sədri Yan Kubişin (Çexoslovakiya) başçılıq etdiyi nümayəndə heyəti martın 19-23-də ikinci dəfə münaqişə bölgəsinə səfər etdi. Dağlıq Qarabağ, Bakı və Yerevanda olan nümayəndəliyin məqsədi Qarabağda atəşin dayandırılması, ATƏM-in müşahidəçilərinin münaqişə bölgəsində yerləşdirilməsi imkanlarını öyrənmək idi.

1992-ci il martın 23-24-də Helsinkidə ATƏM-in YVŞK 9-cu iclasında münaqişə bölgəsində atəşi dərhal dayandıraraq münaqişə edən bütün tərəfləri ATƏM-in çərçivəsində Dağlıq Qarabağa dair sülh konfransının tezliklə keçirilməsi üçün hər cür şərait yaratmağa çağırdılar. ATƏM-in Xarici İşlər Nazirləri şurasının martın 24-də keçirilən birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. ATƏM-in Nazirlər şurası YVŞK-nin zəmanəti əsasında münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh kofransının çağırılması haqqında qərar qəbul etdi.

Nazirlər razılaşdılar ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, İsveç, Çexoslovakiya (onu sonradan Macarıstan əvəz etdi), Belorus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin.

1992-ci il mayın 1-də ATƏM-in YVŞK-nin Helsinkidə keçirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təşkili, iclasların keçirilməsi şərtləri, sədrin səlahiyyətləri və s. haqqında YVK-nin qərarı qəbul edildi. Minsk Konfransının reallaşması üçün yaradılan eyni adlı Minsk qrupu münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərməli, münaqişə həll ediləndən sonra isə məsələnin həllində neytral, regionda maraqlı dövlət olmadığını nəzərə alaraq, Belorusun paytaxtı Minsk şəhərində konfrans üzvü olan dövlətlər toplanmalı və Yekun sənədi qəbul etməli idilər.

1994-cü ilin dekabrında keçirilən Budapeşt zirvə toplantısında Minsk Konfransında və Qrupunda həmsədrlik institutu yaradıldı. Qəbul edilən qərara əsasən, həmsədrlik funksiyası Rusiya və Finlandiyaya tapşırıldı. 1997-ci ilin yanvarında isə Minsk Konfransında və Qrupunda üçtərəfli həmsədrlik təsis edildi və hazırda ABŞ, Rusiya və Fransa həmsədrlik funksiyasını həyata keçirirlər.

Atəşkəsin əldə edilməsi

ateshkesAzərbaycanın mərhum prezidenti Heydər Əliyev ölkədə sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini önə çəkdi və bu istiqamətdə ciddi səylər göstərməyə başladı. Nəhayət, dövlət başçısının gərgin səyi nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı.

Atəşkəsin qısa tarixi

1994-cü il mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Qarabağ münaqişəsində atəşkəslə bağlı danışıqlar başlanmışdır. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanı vitse-spiker Afiyəddin Cəlilov, Ermənistanı parlamentin sədri Babken Ararksyan təmsil etmişdir. Minsk qrupunun rusiyalı nümayəndəsi Vladimir Kazimirov tərəfindən hazırlanmış atəşkəs sənədində Dağlıq Qarabağın erməni icmasın ayrıca tərəf kimi qeyd olunmuşdur. Buna görə də təbii olaraq Azərbaycan tərəfi onu imzalamaqdan imtina etmişdir.

1994-cü ilin mayın 8-də Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi V.Kazimirovun Bakıya gətirdiyi “Bişkek protokolu” Azərbaycan tərəfindən imzalanmışdır.

1994-cü il 12 mayda Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş – “Bişkek protokolu” qüvvəyə minmişdir. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar.

Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı.

Protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunmuşdu.

Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər.

Əsir və girov götürülmüş azərbaycanlıların taleyi

esirgirovMinlərlə günahsız azərbaycanlının əsir və girov götürülməsi, işgəncələrə məruz qalması, qətlə yetirilməsi və və digər qeyri-insani rəftarla üzləşməsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli  və qanlı səhifələrindəndir.

Müxtəlif qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Qarabağ münaqişəsinin başladığı dövrdən ermənilər tərəfindən əsir və girov götürülmüş minlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə dəhşətli zorakılığa məruz qalmışdır.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi yanında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən  aparılmış araşdırma itkin düşmüş və girov götürülmüş şəxslərin sayının 2007-ci il ərzində 4354 nəfər olduğunu aşkar etmişdir. Onlardan 3504 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir. Yalnız 9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

2008-ci il ərzində Beynəlxalq Qırmızı Xaç cəmiyyəti vasitəsilə aparılan araşdırmalar nəticəsində əsir və girov götürülmüş azərbaycanlılardan daha 170 nəfərinin taleyi ilə bağlı məlumatlar aydınlaşdırılıb. Onların hazırda sağ olduğu aydınlaşıb. Sonrakı illərdə də bu siyahıda yer alan şəxslərin daha bir qisminin taleyi aydınlaşdırılıb.

esirgirov12012-ci ilə olan rəsmi məlumatlara görə əsir, itkin və girov düşmüş şəxslərin sayı 4030 nəfər təşkil edib. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) isə Qarabağ müharibəsi zamanı 4600 nəfər  itkin düşmüş şəxslər kimi qeydə alıb. Həmin şəxslərin 3700-ə yaxını azərbaycanlıdır. BQXK 2012-ci ildən etibarən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan və Ermənistanla birgə yeni proqramın icrasına başlayıb. Bu proqrama görə itkin düşmüş şəxslərin axtarışı onların yaxınlarından götürülmüş DNK nümunələri əsasında aparılacaq.

Əsir və itkin düşmüş azərbaycanlıların sayı barədə Azərbaycan tərəfindən təqdim olunan sənədlər beynəlxalq təşkilatlarda da təsbit olunub. BMT-nin insan haqları üzrə Şurasının 2008-ci ilin fevralında keçirilmiş 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Qətnamədə Qarabağ münaqişəsi tərəflərinin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə hərtərəfli əməkdaşlıq etməsi barədə çağırış öz əksini tapıb. Ancaq erməni tərəfi həmin çağırışa məhəl qoymayıb. Həmçinin Ermənistan və işğal altındakı Azərbaycan ərazilərində əsir və girovların gizli düşərgələrdə qul kimi saxlanıldığına dair məlumatların araşdırılmasına şərait yaratmayıb. Sağ qalan əsirlər və girovlar barədə məlumatların araşdırılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq təklif etsə də, təcavüzkar tərəf dəfələrlə bundan imtina edib.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət komissiyasında toplanmış faktlar Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən «müharibə qurbanlarının müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir.

esirgirov2Ermənilərin azərbaycanlı əsir və girovlarla rəftarına dair faktlardan:

– Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələyiblər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.

– Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olub.

– İmarət Məmişovanın ifadəsinə görə, o, Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə girov götürülüb. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələyib və meyitləri yandırıblar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoyublar.

-Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin danışdığına görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələyiblər.

-Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.

-Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.

–  61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olub.

-Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsiblər.

–  Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.

– 1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında vəfat etmişdir.

-Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyitinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilib.

-Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbülfət Qasımov və digərləri şahidlik edir.

– Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnib. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.

Qarabağda azərbaycanlı mülki əhaliyə qarşı xüsusi amansızlığı ilə fərqlənən “Arabo” erməni batalyonunun komandiri, ASALA erməni terror təşkilatının liderlərindən biri olmuş Monte Melkonyanın qardaşı Markar Melkonyan da ABŞ-da yazdığı “Mənim qardaşımın yolu” (“My Brother’s Road”) kitabında ermənilərin Qaradağlı kəndinin sakinləri olan azərbaycanlı girovları necə öldürdüyünü təsvir edib. Kitabdan sitat: “Aramo və Arabonun əsgərləri 38 nəfər əsiri göstərdilər, onların içərisində qadınlar da var idi, onlar kənddən aralı dərənin içərisində idilər. Aramo və Arabonun əsgərləri əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu. O, bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi. Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi”. Həmin kitabda azərbaycanlı əsirin başının İrəvanda erməni qəbri üstündə necə kəsildiyi də təsvir olunur.

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsinə, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalmasına, insanların ləyaqətini mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılmasına, soyuqqanlılıqla qətlə yetirilməsinə, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsinə dair faktlar saysız-hesabsızdır. Bu faktlar göstərir ki, əsir və girov götürülmüş azərbaycanlılar kütləvi soyqırımın qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişlər.

İşğal altındakı ərazilərdə qanunsuz məskunlaşma

meskunlasmaErmənistan atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasından sonra işğal etdiyi Azərbaycan ərazilərində-Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməyə başlayıb. Bu məqsədlə işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və proses indi də davam etməkdədir. Müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara ziddir.

Qanunsuz məskunlaşdırma 90-cı illərin ortalarında kütləvi xarakter alıb Qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin bir hissəsini işğal altındakı ərazilərə köçürüb, habelə Yaxın Şərq ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılıb.

Rəsmi Bakının etirazları və ilk beynəlxalq missiya 2004-cü ildən etibarən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihələri bir neçə dəfə BMT Baş Assambleyasının illik sessiyalarının gündəliyinə daxil edilib. 2004-cü ildə Azərbaycanın ilk dəfə BMT Baş Assambleyasında işğal altındakı ərazilərdəki qanunsuz məskunlaşdırma, qeyri-qanuni iqtisadi fəaliyyət, tarix-mədəniyyət abidələrinin dağıdılması və digər fəaliyyətlər barədə məsələni müzakirəyə çıxarmasından sonra münaqişənin nizamlanmasına dair vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu bu məsələləri araşdırmaq üçün xüsusi missiya yaradıb. Missiyanın təşkili BMT Baş Assambleyasının həmin il keçirilən 59-cu sessiyasının gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirilib.

ATƏT-İN 2005-ci ildəki faktaraşdırıcı missiyasının tərkibi ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin razılaşması əsasında yaradılmış Faktaraşdırıcı Missiyasının (OSCE Minsk Group Fact-Finding Mission ) tərkibinə Minsk Qrupuna həmsədrlik edən ölkələrin-ABŞ, Fransa və Rusiyanın, habelə Minsk Qrupuna daxil olan ölkələrdən Almaniya, İtaliya, Finlandiya və İsveçdən olan ekspertlər daxil edilib. Missiyada həmçinin ATƏT sədrinin fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT Katibliyinin nümayəndələri də iştirak edib. ATƏT-in Minsk Qrupunun Faktaraşdırıcı Missiyası 2005-ci il 31 yanvardan 6 fevraladək Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 işğal olunmuş rayonunda müşahidələr aparıb. Missiya 2005-ci ilin martında işğal altındakı Azərbaycan ərazilərindəki vəziyyətə dair hazırladığı hesabatı ATƏT-in Vyandakı katibliyinə, həmçinin münaqişə tərəflərinə təqdim edib.

Missiya qanunsuz məskunlaşdırmanın kütləvi xarakter daşıdığını təsdiq edib ATƏT-in Faktaraşdırıcı Missiyasının həmin hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Azərbaycan XİN bəyan edib ki, Laçın rayonunda əhalinin mütəşəkkil surətdə yerləşdirilməsinin missiya tərəfindən təsdiq olunması xüsusi narahatlıq doğurur. Belə ki, əvvəllər burada ümumiyyətlə ermənilər yaşamayıb.

Azərbaycan XİN bəyan edib ki, ATƏT missiyasının regiona göndərilməsi BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində mümkün olub. Bəyanatda qeyd olunub ki, bu missiya Azərbaycan ərazilərinin işğal olunduğu və BMT Təhlükəsizlik Şurasının Ermənistanla Azərbaycan arasında münaqişəyə dair müvafiq qətnamələr qəbul etdiyi vaxtdan bəri ilk dəfə həyata keçirilib. Minsk Qrupu həmsədrləri Faktaraşdırıcı Missiyanın hesabatı ilə yanaşı məktub da yayıblar. Məktubda həmsədrlər işğal olunan torpaqlarda ermənilərin məskunlaşdırılması prosesinin dayandırılması, regionun demoqrafik strukturunda dəyişikliklərə son qoymaq tələbləri ilə çıxış ediblər və donor ölkələri məskunlaşmış əhalinin Ermənistana qaytarılmasına yardım göstərməyə çağırıblar. Həmsədrlər xüsusi vurğulayıblar ki, bu vəziyyətin uzun müddət qalması sülh prosesini ciddi şəkildə mürəkkəbləşdirər.

ATƏT-in 2010-cu il Sahə Qiymətləndirmə Missiyasının təşkili 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının növbəti illik sessiyası zamanı Azərbaycan növbəti dəfə işğal altındakı ərazilərdəki vəziyyət barədə qətnamə layihəsini müzakirəyə çıxarıb. Layihənin səsvermədən keçməsi şanslarının kifayət qədər yüksək olmasını nəzərə alan Ermənistan işğal altındakı Azərbaycan ərazilərindəki vəziyyəti araşdırmaq üçün ATƏT-in Minsk Qrupu tərəfindən daha geniş mandata malik Sahə Qiymətləndirmə Missiyasının bu ərazilərə səfər etməsinə razılıq verib. Minsk Qrupunun həmin il yaradılmış Sahə Qiymətləndirmə Missiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində həmin ərazilərdə olub.

İkinci beynəlxalq missiya da məskunlaşdırma siyasətinin davam etdiyini təsdiqləyib Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayıb. Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qanunsuz şəkildə məskunlaşmış ermənilərin sayı Missiya tərəfindən təqribən 14 min nəfər göstərilib. Bu köçkünlərin bir hissəsi bərpa edilən və ya yenidən inşa edilmiş evlərdə yaşayır.

Erməni mənbələrində yer alan faktlar Ermənistan mənbələrində, erməni rəsmilərinin açıqlamalarında da işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırmanı təsdiqləyən faktlara müntəzəm rast gəlinir. Məsələn, 2012-ci ilin aprelində Ermənistanın “Panarmenian” agentliyi qondarma Dağlıq Qarabağ “hökumətinin” üzvü Narine Astçatryana istinadən xəbər yayıb ki, son beş ildə Azərbaycanın işğal altında olan ərazilərinə 600-dən çox erməni ailəsi köçürülüb. Həmin ailələrin əksəriyyətinin qoşunların təmas xətti yaxınlığında məskunlaşdırıldığı bildirilib.

Təkcə 2010-cu ildə Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində 199 erməni ailəsi (616 nəfər) məskunlaşdırılıb. 2011-ci ilin ilk aylarında isə Laçında daha 50 ailə yerləşdirilib. 2011-ci ilin sonuna qədər isə ümumilikdə Laçın rayonu ərazisində 300 ailənin məskunlaşdırılması planlaşdırılırdı. Dağlıq Qarabağdakı qanunsuz rejimin rəsmiləri deyiblər ki, bu əraziyə köçürülənlərə və daimi məskunlaşmağa razılıq verənlərə güzəştli kreditlər ayrılır, onlar tikinti materialları, həmçinin köçmə və əmlakın daşınması üçün nəqliyyat vasitələri ilə təchiz olunur. Livanda fəaliyyət göstərən «Artsax» fondu tərəfindən Laçında məskunlaşdırılmış erməni ailələrindən hər birinə kənd təsərrüfatı yaratmaq üçün 2700 ABŞ dolları məbləğində güzəştli kredit verilib.

Suriya ermənilərinin Qarabağa köçürülməsi prosesi 2012-ci ildə isə Suriyadakı münaqişə ilə bağlı bu ölkəni tərk edən ermənilərin işğal atındakı Azərbaycan ərazilərində məskunlaşdırılmasına dair fəal kampaniya başlayıb. Ermənistan Nazirlər Kabineti bu məsələni müzakirə etmək üçün xüsusi qapalı iclas keçirib. 2012-ci ilin avqust ayının sonlarına olan məlumatlarına əsasən artıq işğal altındakı Laçın rayonuna 15, Kəlbəcər rayonuna isə 1 suriyalı erməni ailəsi yerləşdirilib.

Beləliklə, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişmək səyləri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesini daha da mürəkkəbləşdirir. Qanunsuz məskunlaşdırmanın təkcə Dağlıq Qarabağın inzibati hüdudları ilə məhdudlaşmayıb işğal altındakı ətraf rayonları da əhatə etməsi Ermənistanın bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini bir daha göstərir.