Soyqırımın tanınmasının beynəlxalq hüquqi əsasları

bhesaslarAşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:

  1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyası.
  2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa istinad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
  3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4).
  4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1).
  5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).
  6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).
  7. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı.

Xocalı soyqırımının İƏT-də tanınması

iettXocalı soyqırımı XX əsrin ən dəhşətli soyqırımları olan Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə bir sırada durur.  Əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar dəfələrlə Xocalı faciəsi kimi soyqırımları pisləmiş, yolverilməz olduğunu bildirmişdir.

Azərbaycan bir çox beynəlxalq təşkilatlarda, dünya dövlətlərinin parlamentlərində Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməsi yolunda qətiyyətli addımlar atmışdır.

“Xocalıya ədalət” kampaniyası

BMT-dən sonra üzvlərininin sayına görə dünyanın ikinci təşkilatı olan İslam Konfransı Təşkilatı (qeyd: 28 iyun 2011-ci ildə Təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilib) dəfələrlə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkarlığını pisləmiş və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi ilə həmrəy olduğunu bildirmişdir.

2004-cü ildə Bakıda İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər forumu yaradılmışdır.

Forum 2007-ci ilin payızında Bakıda “Gənclər sivilizasiyaların alyansına tərəfdardır” Təşəbbüsü çərçivəsində təsis edilmiş “Sivilizasiyaların alyansı” Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif etmişdir. Təklifdə bu fikirlər də yer almışdır ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. Təklifdə göstərilmişdir ki, Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsində həmin ilin mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral – Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı.

İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət – Qarabağa azadlıq” təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

İslam Konfransı Təşkilatının (İKT) üzv qurumu olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan olunmuş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası başlanmışdır. Kampaniya çərçivəsində ilk tədbir İstanbulun “Taksim” metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.

2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə “Xocalıya ədalət – Qarabağa azadlıq” kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar.

2011-ci ildə isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edilmişdir. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş “İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş vermişdir. Qətnamənin 3-cü bəndində qeyd edilmişdir ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar.

Qətnamədə təşkilata üzv parlamentlərə birbaşa çağırış vardır və bu, öz növbəsində, faciənin milli səviyyədə hüquqi və siyasi tanınması mərhələsini açır.

2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pi) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib. Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir ki, Konfrans üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırım xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.

Xocalı soyqırımının İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən tanınması

iett22012-ci ilin noyabrın 15-17-də Cibutidə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyası keçirilmişdir. Sessiyada Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) fəaliyyətləri ilə bağlı qurumun təqdim etdiyi qətnamə layihəsi İƏT XİNŞ tərəfindən qəbul edilmişdir. Forum tərəfindən təqdim edilən qətnamə layihəsində qurumun gördüyü işlər arasında DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayından həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd ayrılmışdır. Bu bəndə əsasən, İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır. Beləliklə, İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır.

Xocalı soyqırımının ABŞ-da tanınması

abs2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir.

ildə isə Amerikanın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Bu ştatın nümayəndələr palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir. Qətnamədə qeyd edilir ki, “Human Rights Watch” təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi tanıyıb.

2011-ci ilin martında Amerika Birləşmiş Ştatların Şimali Karolina ştatından (əyalətində) olan konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində 19 il əvvəl Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırmışdır.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatı da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul etmişdir.

Xocalı Soyqırımının 20-ci ilində ABŞ-ın Nyu-Cersi Ştatının qubernatoru Kris Kristi və və vitse-qubernator, leytenant Kim Qadaqno Nyu-Cersi Ştatının Xocalı qətliamı qurbanlarına ehtiramlarını ifadə edərək birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunur:  “Nyu-Cersi Ştatı adından, biz ABŞ-Azərbaycanlıları Şəbəkəsi və erməni və rus əsgərləri tərəfindən Dağlıq Qarabağ müharibəsinin dəhşətli faciəsinin – qaçmağa cəhd edərkən yüzlərlə etnik azərbaycanlının qətlə yetirildiyi Xocalı qətliamının 20-ci ildönümünü yad edən hər kəslə həmrəy olduğumuzu bildiririk”

2012-ci ilin martında Amerika Birləşmiş Ştatlarının Mein ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir. Sənədin qəbul edilməsinin təşəbbüskarları ştatın Nümayəndələr Palatasının üzvü Enn Haskell və Mein ştatından senator Castin Alfond olub. Qətnamədə vurğulanmışdır ki, 26 fevral 1992-ci ildə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayın köməkliyi ilə soyqırım həyata keçirərək yüzlərlərə günahsız insanı məhv etmiş və Azərbaycanın Xocalı şəhəri işğal olunmuşdur. Soyqırım nəticəsində 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Onlardan çoxunun taleyi hələ də məlum deyil. 366-cı motoatıcı alay Xankəndindən çıxarıldıqdan sonra alaya məxsus hərbi texnikanın böyük hissəsi erməni separatçılarının ixtiyarına verilmişdir.

Xocalı soyqırımının Pakistanda tanınması

pakistan2012-ci il  fevralın 1-də Pakistan İslam Respublikasının Senatı “Pakistan – Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra Azərbaycan Respublikasının ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul etmişdir.

Qətnamənin mətnində göstərilmişdir:

  1. Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir.
  2. Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.
  3. Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər.
  4. Komitə Azərbaycan Respublikasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir.

Xocalı soyqırımının Meksikada tanınması

meksika2011-ci ilin sonlarında Meksika Senatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət qərar qəbul etmişdir. Qərarda bildirilib ki, 26 fevral 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı hücuma keçib və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən Soyqırımı kimi adlandırdığı hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın ölümünə səbəb olublar.

Qərarda eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən bəhs olunur, Madrid Prinsiplərinin mahiyyəti açıqlanmış Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilmişdir.

Qərarda Deputatlar Palatası Azərbaycan və Ermənistan xalqlarının suverenliyinə tam hörmətlə yanaşaraq, mümkün hesab edilən formatda ən qısa və sürətləndirilmiş tərzdə Dağlıq Qarabağ regionunda münaqişəyə davamlı şəkildə son qoyacaq razılığın əldə edilməsi üçün Azərbaycan və Ermənistan hökumətlərini səy göstərməyə və ATƏT-in Minsk Qrupunun həmsədrlərini münaqişənin sülh yolu ilə davamlı həllinin təmin edilməsi məqsədilə hər iki hökumətə bütün tələb olunan dəstəyin göstərilməsinə davam etməyə çağırmışdır.

Qərarda bildirilir ki, Xocalı qətliamından 19 il ötməsinə baxmayaraq, qətliamın qurbanlarının hələ də ədalətə nail olmadıqları göstərir ki, hər hansı sülh razılaşması üçün mərkəzi element qısa zaman ərzində öz yerini tapmalıdır, o cümlədən, insanlar arasında əlaqələr bərpa edilməli və mümkün qədər tez bir zamanda hər iki cəmiyyət arasında yenidən harmoniya yaranmalıdır.

Xocalı soyqırımının Kolumbiyada tanınması

kolumbiya2012-ci ilin aprel ayında Kolumbiya Senatında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. Həmin qərara əlavədə Azərbaycana qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indi qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub. Qərarda həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulduğu barədə məlumat verilib və bu, qətiyyətlə pislənilib. Bununla yanaşı önəmli bir fakt Xocalıda baş vermiş cinayətlərin soyqırımı adlandırılmasıdır. Qərar Senata çıxmamışdan əvvəl Kolumbiyanın xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib. 102 senatorun iştirakı ilə keçirilən toplantıda qərar yekdilliklə qəbul olunmuşdur.

Senat eyni zamanda erməniləri BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə əməl etməyə çağırıb.