Folklor mühiti

Lətifə yaradıcılığı

folklor

Folklor araşdırıcıları Qarabağ şifahi ədəbi ənənələrinin lətifə, gülməcə, elatdodaqqaçdı yaradıcılığı ilə də zəngin olduğunu, yüksək zövqə, zəngin söz ehtiyatına malik qarabağlıların zərif yumordan, kəsərli satiradan yerli-yerində istifadə etmək məharəti qazandıqlarını bildirirlər. Qarabağın adamları bir sıra məhrumiyyətlərə dözüb tab gəlirdikləri kimi, ürəkdən gülməyi, şadlanmağı, zəmanənin mənfiliklərinə tənqidi nəzərlə baxmağı da bacarmışlar.

Novruz şənliklərində «Kosa-kosa», cıdır, gözbağlıca, kəndirbaz, sehrbaz kimi meydan tamaşaları göstərməklə yanaşı, gülməli əhvalatlar söyləmək vasitəsilə insanları sevindirmək zaman-zaman el bayramına xüsusi təravət vermişdir. Novruzda təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və ya digər dərəcədə hamı məzhəkəli oyun-tamaşaların iştirakçısına çevrilir, deyib-gülür, zarafatlaşır.

Bayatılar

Qarabağ bayatı yaradıcılığında ənənəvi forma və məzmun vəhdətinin qorunub-saxlanması folklor mühitinin təbii-tarixi xüsusiyyətlərindən biri kimi çıxış edir.

Hələ XVIII əsrdə M.V.Vidadi dostu M.P.Vaqiflə saz-söz deyişməsində göstərirdi ki, Qarabağın eli-obası məclislərində xoş oxunan, həzin və dərin mənası ilə ox kimi bağrı dələn bayatılarla nəfəs alır.

Aşıq yaradıcılığı 

Qarabağda şifahi söz sənətini aşıq yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyil. Aşıq yaradıcılığı ümumiyyətlə, Azərbaycan folklorunda «əlahiddə» hadisədir və o, folklor yaradıcılığının tərkibində olmaqla bərabər, folklorun informasiya yükünün xeyli hissəsini öz çiyinlərində daşıyır. Xüsusən də, dastançılıq ənənələrinin davam etdirilməsində aşıq yaradıcılığı əvəzsiz rol oynayır. Belə sıx bağlılıq və uyarlıq Azərbaycanın qədim torpaqlarmdan olan Qarabağm folklor mühitində də özünü göstərməkdədir: Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır.

Qarabağ mühitində aşıqlığın XVI-XVIII əsrlərdə çiçəkləndiyi, dərin ürfani-estetik köklərə, xüsusən də təriqət ənənəsinə bağlılığı qeyd olunur. Ötən müddətdə burada aşıq məktəbləri formalaşmış, bir çox aşıqlar «haqq aşığı», «ustad aşıq» titulunu qazanmışdır.

Qarabağ aşıq məktəbinin ən böyük ustadlarından biri də Aşıq Pəri olmuşdur. Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazırdı. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər.

Qarabağda yetişən aşıq-ozanlardan biri də Aşıq Valeh Gülablıdır. Onun yenilməz bir saz və söz ustadı kimi deyiş meydanlarında dəfələrlə sınanaraq qalib olduğu təsdiqlənmişdir. Buna misal “Valeh və Zərnigar” dastanı və onun qocalıq vaxtı İranda rəqibini bağlamasıdır.

Orta əsr ədəbiyyatı

XIII əsrdən etibarən, Azərbaycanda əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan qarabağlı şair və sənətkarların sayının get-gedə artmağa başlamışdır.

Ümumiyyətlə, Azərbaycan-türk mədəniyyətində və əbədiyyatında bir sıra faktların ilkinliyi, ilk bünövrəsi məhz Qarabağ əbədi mühiti ilə bağlıdır.

Qarabağ ədəbiyyatının yaşı çox qədimlərə gedib çıxsa da, hələlik elmə məlum olan ilk qarabağlı şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağın adıdır. Onun bu günə gəlib çatan yeganə şeri Alban çarı Cavanşirin erməni keşişlərinin fitvası ilə qətlinə yazdığı və bizə tərcümədə gəlib çatmış ağı janrında kamil şeir mətnidir. Şeirin məzmunu və üslubu onun Cavanşir kimi bir sərkərdəyə, hökmdara ağı, şer həsr etməsi sübut edir ki,  Davdağ dövrünün qüdrətli, tanınmış söz sənətkarı olmuşdur.

Sonrakı mərhələlərdə, yəni Pənahabad-Şuşa şəhərinin mövcudiyyətinə qədər ədəbiyyat tariximizdə xeyli “Bərdəilər”, “Beyləqanilər”, “Gəncəvilər” olmuşdur.

X əsrdə yaşayıb-yaratmış, ərəb dilli Azərbaycan ədəbiyyatının yaradıcılıarından olmuş Əbu Bəkir Əhraəd əl-Bərdəi, Məkki ibn Əhməd Bərdəi, Xətib Bağdadi Məhəmməd Əl-Bərdəi, Əhməd ibn əl-Hüseyn Əbu Səid əl Bərdəi, Əbu Əli əl-Bərdəi, Səid ibn əl-Qasim əl Bərdəi, Əbu Səd ibn Yəhya əl-Bərdəi təkcə Azərbaycanda deyil, bütün islam dünyasında məşhur alimlərdən və dövrünün filosof şairlərindən olmuşlar. Hələ bu təkcə X əsrin məlum faktlarındandır. XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqani olmuşdur və Xosrov Dəhləvi onun sənətkarlığını Xaqani Şirvaninin sənətkarlığından üstün tutmuşdur. Zəld ibn Hüseyn ibn Ömər Beyləqani də Mücirəddinin müasiri olmuş, fəqih filosof olaraq yüksək elmi səviyyəyə çatmış, Dəməşqə getmiş, orada bədii fikrin, fəlsəfı elmin aparıcısı kimi məşhur olmuş, bir sıra yüksək səviyyəli bədii əsərlər yaratmışdır.

XIV əsrdə Tuti Abdulla Qarabaği adlı çox ilhamlı bir şair yaşamışdır. Əsərlərindən hələlik əldə olmasa da, “Həqiqətüs -şüəra”da və başqa mənbələrdə adı hörmətlə çəkilir. XV əsrdə Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün Şeyx tituluna yüksəlmiş, Gülşəni təxəllüsü ilə ədəbiyyat aləmində olduqca məşhur olmuşdur. O, uzun müddət Qahirədə və Osmanlı imperiyasmda öz təriqətini yaymışdır. Xanəgahı Qahirədədir və bu gün də fəaliyyətdədir. Mövlanə Gülşənin iki oğlu- Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyyid Əli Gülşəni də şair olmuşlar.

Yusif ibn Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb-yaratmış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif təbəqəsinə yüksəlmişdir.

Qarabağ əbədi mühiti həmişə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ən zəngin səhifələrindən olmuşdur.

XVI əsrdə yaşayıb-yaratmış, Şah İsmayıl Xətayinin yaxını olan Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği və Molla Pənah Vaqifın adları tam təsəvvür yaratmaq üçün kifayətdir.

XVIII əsrdə Pənahabad şəhərinin-Şuşanınn bünövrəsi qoyulandan sonra Qarabağ ədəbi mühiti Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrildi və Naxçıvan, İrəvan, Gəncə, Şəki və b. xanlıqların, Gürcüstanın siyasi-ictimai hadisələrinin istiqamətini də Qarabağ xanlığı müəyyənlşdirməyə başladı və aralarında sıx əlaqələr oldu. Bu əlaqələr Qarabağ ədəbi mühitinin təsir dairəsini daha da genişləndirdi.

Həmin dövrdə  yaşamış Ağa Bəyim ağa Tuti Şərqdə ən müdrik qadın kimi məşhurlaşdı və İran şahı Fətəli şah dövründə şahlıq diplomatiyasınm ən fəal istiqamətverici şəxslərindən oldu. Ağa Bəyim ağa həm də məşhur bayatılar müəllifi kimi də məşhurlaşmışdır.

Qarabağ ədəbi mühiti XVIII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında ilk olaraq realist şerin əsasını qoymuş, XIX-XX əsrlərdə realizm ədəbi metodunun yaranmasına və möhkəmlənməsinə, inkişafına səbəb olmuşdur.

XIX- XX əsr ədəbiyyatı

XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə Qarabağ mədəniyyətində olduğu kimi, Qarabağ ədəbiyyatında da qərbyönümlü meyllər olduqca güclənmişdir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır.

Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyi müşahidə olunur ki, bunun da ən böyük nümayəndələrindən biri

Xurşud Banu Natəvandır (1830-1897). 

Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşud Banu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Qarabağ ədəbi məktəbinin yeni yüksək mərhələsi sayılan XX yüzilliyin ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və “Müsibəti-Fəxrəddin” (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və “Dağılan tifaq”, “Bəxtsiz cavan” (1900), “Ağa Məhəmməd şah Qacar” (1907) faciələri ilə Azərbaycan ədəbiyyatı daha da zənginləşdi.

İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pərini də Qarabağ yetişdirmişdir. Bu yazılı ədəbiyyatla folklorun qovuşuğunun kamil bir mərhələsində baş vermişdir.

XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın yetişdirdiyi ən görkəmli nümayəndələrdən biri də dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəllifi, musiqili komediya janrının yaradıcısı, qəzetçi, qüdrətli publisist, Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəylidir (Hacıbəyov).

Ümumilikdə həmin dövr Qarabağ ədəbi mühitinin ən görkəmli nümayəndələrini belə sıralamaq olar:

Yusif Vəzir Çəmənzəminli – ilk tarixi romanlar müəllifi (“İki od arasında” (“Qan içində”); “Qızlar bulağı” və s.), yazıçı-etnoqraf, folklorşünas, diplomat

Ceyhun bəy Hacıbəyli – yazıçı, publisist diplomat, folkorşünas (Parisdə ilk dəfə “Qarabağ folkloru” kitabını fransızca və orijinal mətnlərlə çap etdirmişdir);

Əhməd bəy Ağayev – Azərbaycan dövlətçiliyinin ilk nəhəng, mogikan ideoloqlarından biri, yazıçı-publisist alim, qəzetçi, erməni terrorizminə qarşı döyüşən ilk türk “Difai” milli təşkilatının yaradıcısı;

Firudin bəy Köçərli – ilk ədəbiyyat tarixçisi, maarifçisi, Qori və Qazax müəllimlər seminariyasınm müdiri;

Süleyman Sani Axundov – ilk uşaq ədəbiyyatının yaradıcılarından biri, “Laçın yuvası” dramında Azəri mentalitetini bütövlüklə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, ilk Milli Qəhrəman adı alan yazıçı-pedaqoq;

Qarabağ övladı kimi dünyaya göz açan bu sənət xadimləri sonradan Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ədəbi fikir korifeylərinə çevrildilər və bütün türk xalqının övladları kimi dəyərləndirildilər.

Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI Qırmızı Ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi.

Ölkədə sovet hakimiyyəti quruldu. 30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər qarabağlı Firidun bəy Köçərli (1863-1920)olmuşdur.

Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün Azərbaycandan uzaqlarda – Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.

Mühacir ziyalıları həmişə bir cəhət birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın problemlərini həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur.

Bu müəlliflərin arasında qarabağlı Ceyhun bəy Hacıbəyli də vardır.

Bu dövrdə “İki od arasında” (“Qan içində”), “Qızlar bulağı” kimi romanların müəllifi qarabağlı Y.V.Çəmənzəminlininxüsusi xidməti qeyd olunmalıdır.

Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın (Rusiya Kommunist bolşevik Partiyası Mərkəzi Komitəsinin) “Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında” (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, “Zvezda” və “Leninqrad” jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın “Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. “Zvezda” və “Leninqrad” jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da “konfliktsizlik” üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.

60-90-cı illərin ən mühüm ədəbi hadisəsi bir neçə qarabağlının da təmsil olunduğu “60-cılar” ədəbi nəslinin yaradıcılıq aləminə gəlişi oldu. Onların yaradıcılığında insanın daxili aləminə baxışın dərinləşdiyi xüsusilə qeyd olunmalıdır.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat – 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

 XX əsrin ikinci yarısından fəaliyyət göstərən (daha doğrusu, yeni dövr ədəbiyyatını yaradan) Qarabağdan çıxmış yüzlərlə yazıçı, dramaturq, şair, publisist, alim və jurnalisti bu siyahıya əlavə etsək, Qarabağ torpağının Azərbaycan ədəbi fikrinə verdiyi gücü-qüvvəni təsəvvürə gətirmək çətin olmaz. Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Bayram Bayramov, Sabir Əhmədov kimi nəhəng söz ustadları Mehdi Məmmədov, Əkbər Ağayev, Qulu Xəlili, Məsud Əlioğlu, Əlfi Qasımov, İsi Məlikzadə, Məcid Şamxalov, Cəmil Əlibəyov, Qasım Qasımzadə, Famil Mehdi, Teymur Elçin, Cahangir Gözəlov, Elçin, Çingiz Abdullayev, Yusif Kərimov, Şahmar Əkbərzadə, Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Önər), Seyran Səxavət, Aqil Abbas, Əli Əmirov, Zakir Fəxri, Ənvər Əhməd kimi çox istedadlı yazıçı, şair və tənqidçilər, ədəbiyyatşünas dilçi alimlərimizdən Əkbər Bayramov, Tofiq Hacıyev, Kamran Məmmədov, Qəzənfər Kazımov, Kamil Vəli Nərimanoğlu, Arif Hacıyev, Fəridə Vəzirova, Rasim Tağıyev, Qədir İsmayılov, Arif Səfiyev, Vilayət Quliyev, İlham Rəhimli və s. ziyalılar Azərbaycan ədəbiyyatının, bədii fıkrinin, əbədiyyat elminin ən görkəmli simalarına çevrilmişlər və Azərbaycan ədəbiyyatını öz yaradıcılıqları ilə zənginləşdirib inkişaf etdirmişlər.

Müasir dövr ədəbiyyatı

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra Azərbaycan ədəbiyyatını öz doğma yurd-yuvalarından ayrı düşmüş Qarabağlı şair və yazıçıların təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqların qaytarılması, xalqın inkişaf etmiş toplumlar səviyyəsində yaşaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yaxın və uzaq xalqlarla Azərbaycan xalqının dostluq və mədəni əlaqələrinin təbliği, insanpərvərlik və ictimai ədalət kimi əsrlər boyunca klassiklər tərəfindən təbliğ və tərənnüm olunan ümumbəşəri ideyaların yeni – qloballaşma şəraitində daha da inkişaf etdirilməsi problemləri məşğul etməkdədir. Hər cür ideoloji yasaqlardan azad olmuş və bu sahədə qarşıdurmaya bir əsas görməyən bədii təfəkkür sahibləri daha çox nəzəri-estetik rəqabətlə ədəbiyyatın inkişafını şərtləndirirlər. Bu baxımdan son dövr Qarabağlı şair və yazıçıların yaradıcılıqlarında postmodernist meyllərin mövcudluğunu da qeyd etmək lazımdır. Bununla belə, Qarabağlı ədəbiyyatçıların başlıca inkişaf meylləri Qarabağın azad edilməsinin tərənnümünə və təntənəsinə əsaslanır.

Qarabağlı şairlər və yazıçılar

Qasım bəy Zakir (1784-1857)

 

qasimbeyzakirQasım bəy Zakir Şuşa şəhərində doğulub. Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.  Əsasən satira ustası kimi məşhur olmuşdur. Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilibdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır.

Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında” (“İlan, Dəvə, Tısbağa”), “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” (“Tısbağa, Qarğa, Kəsəyən, Ahu”) adlı təmsilləri indi də maraqla oxunur.

Mirzə Bəybaba Fəna (1787- XIX əsrin ortaları)

 

Mirzə Bəybaba Fəna Şuşada anadan olub. O, mədrəsə təhsili alıb. Savadlı olduğundan mirzə ünvanı daşıyırdı. Qarabağ xanın yanında katib işləyib. M.Fəna həm də gözəl xəttat olub. Şuşa şairlərinin cüngünü tərtib edib. Bir neçə kitabın üzünü köçürüb. O, şair olub və “Fəna” təxəllüsü ilə şerlər yazıb. M.Fəna şairə Fatma xanım Kəminənin atası olub. Mirzə Bəybaba Qasım bəy Zakirə həcv yazıb.

Əsəd bəy Vəzir yazar (1824-1873)

 

Əsəd bəy Vəzirov Qarabağın Mirzəcamallı obasında anadan olub. Mükəmməl mədrəsə təhsili alıb. “Dizaq şairləri” məclisinin üzvü idi. Dostu Mir Mehdi Xəzani ilə bədiyələşib. Mülkədar olmaqla yanaşı həkimliklə də məşğul olub.

Xurşid Banu Natəvan (1832-1897)

 

xurshidbanunatevan

Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvan (Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi) Şuşada anadan оlumuşdur. Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Təк inci”, el arasında isə “Xan qızı” çağırırmışlar.

Natəvan qəzəllər və rübailər yazmışdır. Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir.

Məşədi Mahmud bəy оğlu Vəzirоv (1839-1902)

 

meshedimahmudbey

Məşədi Mahmud bəy Vəzirоv Şuşa şəhərində аnаdаn оlub. İbtidai təhsilini molla yanında, sonra mədrəsədə oxuyub. Böyüyəndən sоnrа tаcirliklə məşğul olmuşdur.

M.Vəzirov həm də şаir idi. Mahmud imzаsı ilə klаssik üslubdа, türk və fаrs dillərində yаzıb-yаrаdıb.

Fatma xanim Kəminə (1841-1898)

 

fatmaxanimkemine

Şairə Fatma xanım Kəminə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şerə maraq göstərmişdir. O, həm də XIX əsr qadın aşıqlarındandır. Şairənin atası Mirzə Bəybaba da şair olub və “Fəna” təxəllüsü ilə şer yazıb. F. Kəminə fars dilini də mükəmməl bilib və bu dildə də şerlər yazıb. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3-5 şairəsindən biri olub. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazdığı şerləri gəlib çatmışdır.

 

 

Abdulla bəy Asi (Fuladov) (1841-1874)

 

abdullabeyasi

Abdulla bəy Asi Şuşada anadan olub. O, öz dövrünün ziyalısı, şair, mütəfəkkiri olub. Təhsilini Şuşada alıb. Ərəb, fars, rus dillərini, Nəvaini oxumaqla çığatay dilini də gözəl bilib, hətta bu dildə bir neçə qəzəl də yazıb. Məclisi-fəramuşanın üzvü olub. Əsərlərinin az hissəsi qalmışdır.

Nəcəf bəy Vəzirov (1854-1926)

 

necefbeyvezirov

Nəcəf bəy Vəzirov Şuşa şəhərində anadan olub. 1874-cü ildə Moskvanın Petrovski-Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olub. 1878-ci il iyun ayında N. Vəzirov akademiyanı bitirib təyinatla Qafqaza göndərilib. Müxtəlif bölgələrdə meşəbəyi işləyib.

N.Vəzirov Azərbaycan milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan şəxsiyyət idi. O, “Müsibəti  Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının  əsasını qoyub.  Bundan əlavə “Yağışdan çıxdıq yağmura düşdük”, “Pəhləvanı zəmanə” kimi klassik əsərlərini yaradıb.

 

 

Əbdürəhim bəy Haqverdiyev (1870-1933)

 

ebdurehimbeyhaqverdiyev

Əbdürəhim bəy Haqverdiyev Şuşada bəy ailəsində anadan olub. Əbdürrəhim bəy 1891-ci ildə ali təhsil almaq üçün Peterburqa gedib, Yol Mühəndisləri İnstitutuna qəbul olub. O, eyni zamanda, azad dinləyici kimi Peterburq Universitetinin Sərq fakültəsində dil və ədəbiyyata dair müzakirələrə qulaq asıb, müsəlman tarixi və mədəniyyəti ilə maraqlanıb. O, həm müəllimliklə məşğul olub, həm də teatrlarda verilən tamaşalara rejissorluq edib. Ə. Haqverdiyev “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. Eyni zamanda “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

Süleyman Sani Axundov (1875-1939)

 

suleymansaniaxundov

Süleyman Sani Axundov Şuşada bəy ailəsində anadan olub. Azərbaycan dramaturqu, uşaq ədəbiyyatı yazıçısı və müəllimi olub. İlk bədii əsərini – “Tamahkar”ı 1899-cu ildə qələmə alıb. 1912-1913-cü illərdə S.Axundov beş hissədən ibarət “Qorxulu nağıllar” kitabını yazıb. Kasıbçılıqdan və haqsızlıqlardan bəhs etdiyinə görə bu nağıllar sovet zamanı uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanıb. 1920-ci ildən sonra yazılan əsərlərdə, S.Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid atəşinə tutmağa davam edib.

 

 

Yusif Vəzir Çəmənzəminli (1887-1943) 

 

yusifvezircemenzeminli

Yusif Vəzir Çəmənzəminli Şuşa şəhərində anadan olub. 1910-cu ildə isə Kiyevdə Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub.

Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Xalq Cumhuriyyəti onu Ukraynada diplomatik nümayəndə təyin edib. Y.V.Çəmənzəminli 1919-cu ildə isə Azərbaycan Xalq Cumhuriyyətinin Türkiyəyə ilk səfiri göndərilib.

Y.V.Çəmənzəminli “Qızlar bulaığı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirib. 1937-ci ildə məşhur “Qan içində” romanını yazıb.

Y. Çəmənzəminli 1937-38-ci illərdə repressiyaya məruz qalıb, Rusiyanın Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edib.

İlyas Əfəndiyev (1914-1996)

 

ilyasefendiyev

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu İ. Əfəndiyev Füzuli rayonunda doğulmuşdur. O, «Körpüsalanlar» /1960/, «Dağlar arxasında üç dost» /1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə baxma, qoca» /1980/, «Üçatılan» /1981/ kimi povest və romanlarını dərc etdirmiş,  eyni zamanda maraqlı dram əsərləri (Mənim günahım» /1967/, «Unuda bilmirəm» /1968/, «Məhv olmuş gündəliklər» /1969/, «Qəribə oğlan» /1973/, «Bağlardan gələn səs» /1976/ ) qələmə almışdır. «Sən həmişə mənimləsən» /1964/ pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoymuşdur.

 

 

Bayram Bayramov (1918-1994)

 

bayrambayramov

Bayram Bayramov Ağdam rayonunun Şivənd kəndində anadan olmuşdur. Azərbaycanın xalq yazıçısıdır.  Fəal ictimaiyyətçi olmuşdur. “Tək adam”, “Yarpaqlar”, “Sənsiz”, “Onun gözləri”  kimi roman və povestlərin müəllifidir.

Əlfi Qasımov (1927-1985)

 

eliqasimov

Əlfi Qasımov Ağdam rayonunda anadan olmuşdur. Onun  «Ərimizin ətəklərində» adlı ilk oçerklər kitabı 1954-cu ildə çapdan çıxmışdır. Bundan sonra isə «Şagird briqadaları» (1960), «Odlu ürək» (1962), «Dnepr qəhrəmanı» (1963), «Ulduz karvanı» (1967), «Saçlar ağarsa da» (1970) adlı kitabları oxucuların böyük rəğbətinə səbəb olmuşdur.

 

Sabir Əhmədli (1930-2009)

 

sabirehmedli

Sabir Əhmədli Cəbrayıl rayonunda doğulmuşdur. “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Dünyanın arşını”, “Yanvar hekayələri”, “Şəhid ruhu” və s. kitabları işıq üzü görüb. Əsərləri həmişə oxocular tərəfindən maraqla qarşılanıb.

Şahmar Əkbərzadə(1941-2000)

 

shahmarekberzade

Görkəmli şair, publisist Şahmar Əkbərzadə Ağdam rayonunda doğulmuşdur. Uzun müddət mətbuatda çalışmış, “Araz”, “Qızıl qələm” mükafatları laureatı olmuşdur. Lirik, vətənpərvər motivli şerləri ilə oxucuların rəğbətini qazanmışdır.

 

 

Çingiz Əlioğlu (1944)

 

chingizelioglu

Çingiz Əlioğlu Füzuli rayonunda anadan olub. Şair, tərcüməçi

bədii yaradıcılığa “Gənc qələmlər” (1967) toplusunda çıxan “Xatirələr” şerilə başlayıb. Mətbuatda şer, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib. Ondan çox şerlər və poemalardan ibarət kitabların müəllifidir.

Seyran Səxavət (1946) 

 

seyransexavet

Seyran Səxavət Füzuli rayonunda anadan olub.

Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şer, hekayə və publisist yazıları ilə başlayıb. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunub. “Qızıl teşt”, “Büst”, “Qapıların o üzündə qalan dünya” pyesləri tamaşaya qoyulmuşdur.

S.Saxəvət “Adalar” (şerlər), “Mənim planetim” (şerlər), “Hamı elə bilirdi ki” (hekayələr və povest), “Daş evlər” (roman),  “Qızıl teşt” (povestlər, hekayələr), “Nekroloq” (roman) və s.  kitabların müəllifidir.

 

Aqil Abbas

 

Aqil_Abbas

Abbasov Aqil Məhəmməd oğlu — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1987) (“Ən yaxşı adam” kitabına görə), Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı (1993), “Məmməd Araz” adına ədəbi mükafat laureatı (1994), “Dan ulduzu” (1993), “Yaddaş” və “Zeynalabdin Tağıyev” mükafatları laureatı.

Çingiz Abdullayev (1959)

 

chingizabdullayev

Əslən Şuşadan olan Ç. Abdullayev görkəmli nasir, publisist, dünya şöhrətli detektiv romanların müəllifidir. Yazıçının qələminin məhsulu olan “Cəhənnəmdən keçid”, “Geri dönməmək”, “Öz dünyanı yarat”, “İnanılmaz qətl”, “Atlantika üzərində ölüm”, “Xammurapinin məcəlləsi”, “Eramızın əvvəlindəki sui-qəsd” və s. kimi tarixi detektivləri ilə dünyada məşhurdur.