Abidələr üzərindəki təsvirlər

abidetesvirQədim maddi mədəniyyət abidələrinin maraqlı, xüsusi əhəmiyyətli və elm üçün dəyərli hissəsini qayaüstü təsvirlər təşkil edir. Ayrı-ayrı daşlar və qayalar, mağara divarları, qəbir daşları üzərində həkk olunmuş, cızılmış və ya rənglə çəkilmiş belə təsvirlərə yer kürəsinin bir çox yerlərində rast gəlinir. Azərbaycanın Qarabağ bölgəsində də bu cür qayaüstü təsvirlər mövcuddur. Bu təsvirlərin əksəriyyəti kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və s. ibarətdir.

Qarabağ bölgəsində qayaüstü təsvirlərlə zəngin olan yerlərdən biri Kəlbəcərdir. Rayonun ərazisində eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya təsvirləri vardır. Kəlbəcər tarix diyarşünaslıq muzeyi 3500-dən çox “Qayaüstü təsvirləri”ni qeydə almışdır. “Qobustanın qardaşları” kimi tanınmış sal daşlar da məhz Kəlbəcər dağlarından tapılmışdı. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s.yerlərdəki qayaüstü təsvirlərlə Qobustandakı “yazılı və şəkilli daşlar” tamamilə bir-birinin oxşarı və ya “əkiz”lərdir. Bu daşların üzərindəki şəkillərin yaşı az qala bu daşların öz yaşı qədərdir. Bu təsvirlər bazalt kimi sərt qayalar üzərində həkk edilmişdir. Kəlbəcər tarix dünyaşünaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edən dəlildir.

Qarabağ bölgəsində qayaüstü təsvirlərin geniş yayıldığı yerlərdən biri də Laçın rayonudur. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş bədii daş nümunələrinə Güləbird, Cicimli, Malxələf, Zabux, Malıbəy, Zeyvə, Kosalar, Katos, Pircahan, Seyidlər kəndlərində rast gəlinir. Bu ərazilərdəki oymalar içərisində insan, quş, heyvan işləmələrilə yanaşı süjet xarakterli oymalara və daş üzərində hətta bütöv ov səhnəsinin cizgilərinə də rast gəlinir. Malıbəy, Varazuğun, Mirik dərəsi deyilən ərazilərdə mürəkkəb xarakterli oymalar və müxtəlif ölçülü (dairəvi, yumru, yarımsilindirik, dördbucaqlı və çoxbucaqlı) daş fiqurların mövcudluğu xüsusi maraq daşıyır. Daş üzərindəki həndəsi və digər ornamentlər, eləcə də oyma tipli bəzəklərə memarlıq abidələri və qəbir daşları üzərində də rast gəlmək olur. Əksəriyyəti statik vəziyyətdə oyulsa da bunların arasında dinamik, həyati təsvirlərə də təsadüf edilir. Ancaq bunlar xeyli səthi, daha çox cızma üsulunda icra edilirdi.

Laçın rayonunda daş üzərində oyulmuş orijinal bəzək nümunələrinə həm də məzarüstü abidələrdə rast gəlinir. Bu ərazilərdə bir neçə qrup məzar daşları mövcuddur. Bunlardan yuxarı hissəsi düz, dairəvi, çatma başdaşlarını və eyni zamanda horizontal sənduqələri, at, qoç fiqurlu heykəlləri göstərmək olar. Buna misal olaraq ay-ulduz, günəşi bildirən svastika və ya zolaqlı dairə və s. naxışları göstərmək olar. Bu abidələr rayonun əsasən Abdallar, Xallanlı, Malıbəy, Zeyvə, Qaragöl, Güləbird, Cicimli, Malxələf, Fərəcan, Seyidlər və Ərikli ərazilərində daha çox rast gəlinir. Burada qədim türkdilli tayfaların etiqadıyla əlaqədar təsviri sənətə gəlmiş bir çox orijinal sujetli motivlərə rast gəlinir. Buna şamanların dini mərasimlərini, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana gəlmiş onqon quş totemlərinin təsvirlərini göstərmək olar.

Təxminən eramızdan əvvəl IV minillikdən tutmuş əsrimizin əvvələrinədək müxtəlif dövrlərdə yaradılmış bu sənət əsərləri öz məzmunu, bədiiliyi ilə diqqəti cəlb edir.

Daşı oyma, yonma, cızma üsulu ilə bəzəməkdən Qarabağda orta əsrlərdə də geniş istifadə edilmişdir. Əldə olan materiallar göstərir ki, orta əsrlərdə daş üzərində oyma, yonma, cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkk etməklə bərabər, xalq ustaları daşdan müxtəlif məzmunlu heykəllər də düzəldirdilər.

Orta əsrlərə aid edilən plastik sənət nümunələri içərisində daş insan fiqurları əsas yer tutur. Son illərdə, əsasən Ağdam şəhəri ətrafında tapılmış bu monumental plastik sənət nümunələri alimlər arasında böyük maraq oyatmışdır. İnsan fiqurunu təsvir edən heykəllər içərisində 1973-cü ildə Ağdam rayonunun Boyəhmədli kəndində yaxınlığından tapılmış abidələr xüsusilə diqqəti cəlb edir.

İnsan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılan ən orijinal plastik sənət örnəklərindəndir. Sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulub düzəldilməsinə baxmayaraq bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insanı heyran edir. Xüsusilə fiqurun gözləri, yuxarı açılmış əlləri çox orijinal təsvir edilmişdir.

Qarabağ ərazisində bu tipli daş fiqurların aşkar edilməsi heç də təsadüfi deyildir. Mənbələr göstərir ki, türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyarmışlar. İlk orta əsrlərə aid Çin, Ərəb, Orta Asiya mənbələrində bu tipli heykəllərin müqəddəs sayıldığı və onlara sitayiş edildiyi qeyd olunur.

Qarabağ ərazisində əvvəlki dövrlərə nisbətən XVI – XVII əsrlərdə plastik sənət nümunələrinə daha çox məzarüstü daşlarda rast gəlinir. Azərbaycan ərazisində bir neçə qrup məzar daşlarına təsadüf edilir. Bunlardan müxtəlif formalarda yonulmuş vertikal baş daşlarını, horizontal sənduqələri, at, qoç fiqurlu heykəlləri və s. göstərmək olar.

Məzar daşları dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilirdi. Dövlətli şəxslərin məzarı daha bəzəkli və zərif işlənirdi. Yerin iqlimindən, istifadə edilən materialından və ənənəsindən asılı olaraq Qarabağda məzar daşları xüsusilə fərqlənirdi. Bölgədə orta əsr məzar daşları üzərində ornamental bəzəklərlə yanaşı süjet xarakterli, təsvirli kompozisiyalara da təsadüf olunur. Bu tipli məzar daşlarına əsas etibarlı ilə Qarabağın dağətəyi qəbiristanlıqlarında daha çox rast gəlinir. Məzar daşlarındakı süjet xarakterli kompozisiyaların əksəriyyətini dəfn olunan şəxsin şücaətini təmsil edən mövzular təşkil edir. Məsələn, kişi məzar daşlarında ov səhnələri, qadın məzar daşlarında isə xalçaçılıq sənəti ilə əlaqədar səhnəciklər əsas yer tutur.

Qarabağda daş qoç fiqurları xüsusilə geniş yayılmışdır. Daşdan yonulmuş qoç fiqurlarının Qarabağda belə geniş yayılması söz yox ki, təsadüfi deyildir. Ətinə, məişətdə müxtəlif  ləvazimat və geyim məqsədilə istifadə edilən əvəzsiz dərisinə, gözəl xalçaların ipi olan yununa görə qoç hələ çox qədimlərdən bolluq və qələbə simvolu olmuşdur.

Daşdan yonulmuş qoç fiqurları müxtəlif və orijinal bədii üslublara mənsubdur. Ağdam, Laçın rayonlarında rast gəlinən daş qoç fiqurlarının da bir çox özünəməxsus xüsusiyyətləri vardır. Bunlar daha çox uzaq keçmişlərin arxaik sənət nümunələrini xatırladır.

Qarabağda rast gəlinən daşdan yonulmuş at fiqurları atın keçmişdə el arasında nə qədər müqəddəs bir heyvan sayıldığını göstərir.

Daş at fiqurlarının dekorativ bəzəklərini əsas etibarlı ilə at qoşunları təşkil edir. Bunlar qabarıq bir səpkidə oyulub üzəri bəzədilmiş kəm, yüyən, quşqunluq (quyruğunun altdan keçən qayış), tapqır (qarnının altından keçən qayışlar), üzəngi, yəhər və yəhəraltı çuldan ibatətdir. Bəzi hallarda bu at qoşumlarının üzəri ardıcıl olaraq qabarıq səpkidə paxlava, üçkünc, dördkünc naxışlarla da bəzədilirdi. Bunlar ümumiyyətlə at qoşumlarındakı qayışa taxılan gümüş bürünc bəzəkləri xatırladır. Bu at qoşumları təkçə bir sənət əsəri kimi yox, tarixi bir fakt kimi də maraqlıdır, çünki onlar eyni ilə skiflərdə və Mərkəzi Asiyanın başqa qədim tayfalarında rast gəlinən at qoşumlarını yada salır.

XIX əsrin sonu, XX əsrin əvvəlləri daş üzərində oyma sənətimizin get-gedə zəifləməsi və aradan çıxması ilə səciyyələnir. Lakin bu dəyişiklik Qarabağıın hər yerində eyni səviyyədə olmamışdır. Əgər şəhərlərimizdə tapılan daş oymaları daha tez yeni üslubun təsiri altına düşmüşdüsə, ucqar yerlərdəki abidələrdə bu yenilik çox cüzi miqdarda hiss olunur. Keçmiş dövrün mütərəqqi ənənələrinə sadiq qalmış oyma işlərinə bu əsrlərdə əsasən Ağdamda daş abidələri üzərində rast gəlinir. Bu qrup abidələr bir çox hallarda keçmiş dövrün ornament motivinin, kompozisiya priyomlarını təkrar etsə də, onların texniki icrası əvvəlki dövrlərə nisbətən xeyli aşağı səviyyədə olmuşdur.

Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində bu cür abidələr saysız- hesabsızdır. Həmin tarixi abidələr erməni işğalçıları tərəfindən, demək olar ki, tamamilə dağıdılmışdır. Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana yönəlmiş böyük miqyaslı müharibənin bir hissəsidir. Ermənilərin Azərbaycan ərazilərindəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, qondarma “tarixi mədəniyyəti”ni yaratmaq siyasətinə xidmət edir. Ancaq Cənubi Qafqazdakı bir çox yazılı mənbələr, əldə olan rəsmi sənədlər, arxivlər və fotoşəkillər bir daha sübut edir ki, bu maddi-mədəniyyət abidələri yalnız və yalnız  Azərbaycanla bağlıdır.