Musiqi alətləri haqqında

mushaq

Azərbaycanın milli sərvəti sayılan milli musiqi alətləri zənginliyi və müxtəlif növlüyü ilə seçilir. Onların əksəri qədim dövrlərdə yaranmış, təkmilləşərək dövrümüzə gəlib çatmışdır. 6 min yaşı olan Qobustan qaya rəsmlərinin yaxınlığında yerləşən “qaval çalan daş”dan əcdadlarımız zərb aləti kimi istifadə etmişlər. Azərbaycanlıların yaşadığı bütün ərazilərdə, o cümlədən Azərbaycanın tarixi diyarı olan Qarabağda arxeoloji qazıntılar zamanı aşkar olunan əşyaların üzərində müxtəlif çalğı alətləri həkk edilməsi, onların qədim tarixə malik olmasını göstərir.

Tədqiqatçıların təsnifatına görə Azərbaycanda yayılmış alətlərin 32-sini simli (onlardan 26-sı mizrabla, 4-ü kamanla, 2-si çubuqla çalınır), 23-ünü nəfəs, 16-sını zərb, 17-sini isə özüsəslənən alətlər qrupuna aid etmək olar. Bu alətlərin əksəriyyəti Qarabağ bölgəsində də geniş yayılmışdır. Onları diqqətinizə çatdırırıq.

Nəfəs alətləri

Balaban

balaban

Orkestr və ansamblların, aşıq və digər folklor qruplarının tərkibində geniş istifadə olunan nəfəsli alətlərdən biri də balabandır. Bəzən “balaman” da adlandırılan bu alətin adının mənası “bala” (kiçik) və “ban” (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, “kiçik ban” (ilk, erkən ban) deməkdir.

Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.

Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. Hazır gövdənin üst hissəsində səkkiz, alt hissədə isə bir oyuq açılır. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır.

Balabanın baş hissəsinə qarğıdan xüsusi ölçüdə sıxılaraq yastılandırılmış müştük taxılır. Ona görə bəzi hallarda bu alətə “yastı balaban” da deyilir. Müştüyün üzərinə keçirilmiş xamıtın (qısqacın) vasitəsi ilə alətin səs ucalığı və kökü nizamlanır.

İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır.

Uzunluğu 280-300 mm, diametri 20-22 mm-dir.

Balabanın səs diapazonu kiçik oktavanın “sol” səsindən ikinci oktavanın “do” səsinə kimidir. Çalğıçının ustalığından asılı olaraq, bir neçə səs də artırıla bilər.

Ney

ney

Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır.

XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Maraği “Məqasid əl-əlhan” (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün — ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir.

Ağ ney qarğıdan hazırlanır. Onun uzunluğu 550-600 mm, diametri 20 mm-dir. Üst hissəsində beş, alt hissəsində isə bir oyuq olur. Ağ neyi çalarkən ifaçı alətin baş hissəsinə keçirilmiş nazik mis borunu qabaq dişlərinin arasında yerləşdirərək ora hava üfləyir, dil və dodaqlar vasitəsi ilə səslərin alınmasına nail olur. İfaçı oyuqları qismən və bütöv açıb-bağlamaqla xromatik səs sıralarını ala bilir.

Müasir neylər baş hissədən, təxminən, 50 mm aşağıdakı oyuqdan dodaq vasitəsi ilə üflənərək ifa edilir. Bu növün ən müasiri fleyta adı ilə orkestrlərin tərkibində istifadə olunur. Hazırda bir çox Şərq xalqları arasında fleytanı öz tarixi adı ilə adlandırırlar. Neydə muğam, mahnı və başqa musiqi nümunələrini səsləndirmək mümkündür.
Neyin diapazonu birinci oktavanın “do” səsindən ikinci oktavanın “sol” səsinə kimidir.

Tütək

tutek

Bir vaxtlar, əsasən, çobanların istifadə etdiyi üfləmə ağac musiqi aləti olmuşdur. Bir çox ölkələrdə tütəyin müxtəlif növləri çox geniş yayılıb. Azərbaycanda böyük və kiçik növləri orkestr və ansamblların tərkibində, əsasən, solo aləti kimi istifadə edilir. Səs tembri mülayim və məlahətlidir.
Boruşəkilli gövdə ərik, qoz, tut və ya qamışdan hazırlanır. Uzunluğu 280-300 mm, diametri 20 mm-dir.

Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin baş tərəfində borunun içərisinə yanakı kəsilmiş ağac tıxac (dil) daxil edilir. Tıxacla göv¬də arasında xüsusi ölçüdə boşluq saxlanılır ki, həmin hissədən ağız boşluğuna yığılmış hava dodaqlar vasitəsi ilə gövdəyə üflənir. sağ və sol əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla səs ucalıqlarını almaq mümkün olur.

Onun səs düzümü kiçik oktavanın “si” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. Mahir ifaçılar bir neçə səs də əlavə edə bilirlər.

Zuma

zuma

Güclü və zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. Zurnanın “surnay” sözündən olub, sur – “böyük ziyafət”, nay – “qarğı”, “qamış” mənasını verdiyi güman edilir.

Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, yüksək zövqlə hazırlanmış bu alətlərin üç min il yaşı vardır.

Əsasən, ərik (qaysı), qoz və tut ağaclarından yonularaq hazırlanır. Ümumi uzunluğu 302-317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60-65 mm-ə çatır. Zurnanın diapazonu kiçik oktavanın “si bemol” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. İfaçının məharətindən asılı olaraq, bir neçə səs də artırmaq mümkündür. Bu səsləri ifaçılar “səfir səslər” adlandırırlar.

Zurna, əsasən, açıq havada keçirilən el şənliklərində geniş istifadə edilir. Bu alətin “qara zurna”, “ərəbi zurna”, “cürə zurna”, “əcəmi zurna”, “qaba zurna”, “şəhabi zurna” kimi növləri tarixən mövcud olmuşdur. Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəyov “Koroğlu” operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir.

 

Simli alətlər

Kamança

kamanca

Kamanla çalınan simli musiqi alətidir. Müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır.

İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanıb, fil sümüyü ilə bəzədilirmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “Musiqi məclisi” rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir.

Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir.

Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur.

Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir.

Diapazonu kiçik oktavanın «lya» səsindən üçüncü oktavanın «lya» səsinə kimidir. Kamança üçün notlar «sol» açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

Saz

saz

Saz təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir.

Sinkretik, yəni özündə çalğı, oxuma, şer demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar.

Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.

Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı.

Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.

Sazın çanağı tut ağacının seçmə növlərindən, qolu isə qoz ağacından hazırlanır. Çanağın gövdəsi bir-birinə bərkidilmiş tək sayda (adətən 9) taxta “qabırğa”lardan yığılır. Bu “qabırğa”lar qol ilə çanağı birləşdirən “küp” adlı kiçik hissənin üzərində yığılır və sonra qol əlavə edilir. Çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 16-17 pərdə bağlanılır. Azərbaycanda ölçüləri ilə fərqlənən tavar sazın, yaxud ana sazın 9, bəzən 8 simi, ondan bir qədər yığcam orta, yaxud qoltuq sazın 6, bəzən 7 simi, kiçik cürə sazın isə 4-6 simi vardır. Bir vaxtlar simlər yüksək keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda qırılarmış.

Xalq çalğı alətləri orkestrində sazdan, adətən, qoltuq və ya cürə sazdan solo alət kimi istifadə olunur. Saz, əsasən, gilas ağacının qabığından hazırlanmış təzanə ilə səsləndirilir. Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir.

Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1,200 mm, çanağının dərinliyi 200 mm olur. Onun diapazonu birinci oktavanın «do» səsindən ikinci oktavanın «sol» səsinə qədərdir.

Tar

tar

Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı alətidir.

Dahi bəstəkar Üzeyir Hacıbəyov tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”.

“Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyu formalaşmışdır.

Tarın adına orta əsr klassiklərimizdən Qətran Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində rast gəlmək olur.

Dü tar, se tar, çahar tar, pənc tar və şeş tar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Maraği “Məqasid əl-əlhan” əsərində şeş tar (6 simli) barədə məlumat verərək, onu geniş təsvir etmişdir.

Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi “Tarçalan qız” əsəri bu baxımdan maraqlıdır. XIX əsrin II yarısında Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan; 1846-1902) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmiş, simlərinin sayı artırılaraq 5-dən11-ə çatdırılmışdır. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır.

Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlamışdır. Belə ki, 1931-ci ildə Ü.Hacıbəyov və M.Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutmuşdur. Əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırmışdır.

Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Muğam operalarında solo oxumaları tarın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar.

Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən – çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 165 mm, eni 185 mm-dir.

Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri vardır. Sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir. Simlər üç qrupa bölünür:

  1. Ağ, sarı və kök simlər (hər biri bir cüt olur).
  2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
  3. Zəng simlər (cingənə; iki cüt olur).

Tar sinədə üfqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır.

İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üst-mizrab, alt-mizrab, üst-alt- mizrab, alt-üst-mizrab, rux (sağ-sol) mizrab, santur-mizrab (üst-alt-üst) və digər ştrixlərdən əlavə, lal barmaq dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur.

İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt “xum” adlanır.

Tar üçün notlar «do» sistemli metso-soprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın «do» səsindən ikinci oktavanın «sol» səsinə kimidir.

Zərb alətləri

Böyük kos nağara

bknagaraBəzi regionlarda “toy nağarası” da adlandırılır. Diametri başqa nağaralardan xeyli böyükdür.
Böyük nağara heç vaxt tək səsləndirilmir. Əksər hallarda cürə nağara ilə birlikdə ifa olunur. Texniki imkanları başqa nağaralara nisbətən məhduddur. Böyük ölçülü kos nağaralar unudulsa da, onların bir qədər kiçildilmiş forması hazırda zurnaçılar dəstəsində istifadə edilir. İki ağac toxmağı alətin hər iki üzünə zərbə vurmaqla səsləndirilir. Bu növ nağaralardan yalnız açıq havada istifadə edilir.

Sağanağı bərk ağacdan silindrik formada düzəldilir, üzləri isə dəridən hazırlanır. Diametri 400-450 mm, hündürlüyü 500-550 mm-dir.

Dəf

defMilli musiqi mədəniyyətinin tarixi inkişaf mərhələsində özünə məxsus rolu olmuş zərb çalğı alətlərindən biri də dəfdir. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi.

Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur.

Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250-260 mm, sağanağının qalınlığı 45-50 mm-dir.
Hazırda nadir hallarda istifadə olunur.

Qaval

qavalBirüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir. Bir çox Şərq ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır.

Qaval bütövlükdə membranlı alət olsa da, onun idiofonlu alətlərə məxsus əlamətləri də vardır. Onun sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz səs tembri yaradır. Qaval Üzeyir Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır.

İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir. Geniş ifaçılıq imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir.

Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. Eni 60-75 mm, diametri 350-450 mm olur.

Qoltuq nağara

qnagaraNağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir . Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, “döyəcləmək”, “taqqıldatmaq” mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də “Cəngi”, “Yallı” və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir. Sağanağı qoz, ərik və müxtəlif növ ağac materiallarından hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.

Qoşa nağara

qoshanagaraXalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən “qoşa dumbul” da deyilir.

Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır.

Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur. Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.