Təsviri incəsənət haqqında

topxanAzərbaycanın qədim diyarı olan Qarabağ ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsviri sənətin ən qədim nümunələri arasında Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqıl və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər əhatə edir. Orta əsrlərdə Qarabağ təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmişdir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi) öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Bu dövrdə Qarabağda müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri – dekorativ qablar, piyalələr, qadın bəzəkləri mövcud olmuşdur. Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur.

VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Qarabağda memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya – kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Öz köklərilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini saxlamışdır. Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı qayaüstü rəsmlər, zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyi ilə nadir olan xalçaçılıq sənəti, zərgərlik əşyaları və s. daxildir. Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini – məscidləri, məqbərələri, sarayları və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus «genofond»unu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşmışdır. Məhz bu dövrdə, güclənməkdə olan Rusiya –Azərbaycan bədii və mədəni əlaqələrinin güclənməsinin təsiri altında Qarabağ incəsənətində tədricən keyfiyyət dəyişiklikləri baş verdi və bu da milli incəsənətdə yeni realist xüsusiyyətlərin meydana çıxması ilə nəticələndi. Bu dövrün əsas nümayəndələri kimi Mövsüm Nəvvab, şair və rəssam Natəvan və bir çox digərləri çıxış edirdi. Bədii yaradıcılıq prossesi tarixində Qarabağ rəssamları Mir Möhsün Nəvvab və Xurşudbanu Natəvanın yaradıcılığı unikal bir tarixi hadisədir. Orta əsrlərdə Qarabağ təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şuşa şəhərində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlıdır. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Şuşa şəhərinin memarlıq abidələrinin təsvirini görmək mümkündür.
Qarabağ təsviri sənətində növbəti keyfiyyət dəyişiklikləri XX əsrdə (xüsusilə əsrin əvvəllərində) baş verdi: həmin dövrdə bu sənətin inkişafında yeni növ, janr və formaların, başlıcası isə demokratik satirik qrafika və dəzgah rəngkarlığının meydana gəlməsi prossesini müşahidə etmək olar.

Qarabağ rəssamlıq məktəbi

ressamliq

Qarabağ torpağı həm də Azərbaycan milli mədəniyyətinin, incəsənətinin beşiyidir.

Qarabağ təsviri sənəti XVIII-XIX əsrlərdə yeni Qarabağ xanlığının təşəkkül taparaq vüsətlə inkişaf etdiyi dövrdə formalaşmış, özünəməxsus üslubu, bədii təsvir vasitələri ilə fərqlənmiş və bir neçə sahələri əhatə edərək inkişaf etməyə başlamışdır. Dekorativ təsviri sənətin xalçaçılıq, zərgərlik, tikmə kimi sahələrində Qarabağ sənətkarlarının yaratmış olduğu sənət inciləri bu gün də öz gözəlliyini, bədii dəyərini qoruyub saxlamaqdadır. Dünya muzeylərinin bəzəyi olan Qarabağ xalçaları incə, zərif zərgərlik nümunələri sənətsevərləri, əsil gözəlliyi dəyərləndirməyi bacaranları valeh edir.

Qarabağda rəssamlıq təsviri sənətin aparıcı qollarından biridir. Bu rəssamlıq məktəbinin yaranmasında X. Natəvan, M. Nəvvab və s. müstəsna yeri olmuşdur.

Xurşidbanu Natəvan Mehdiqulu xan qızı (1832-1897) verilən məlumatlara görə ilkin təhsilini və rəsmə olan həvəsini bibisi Gövhər xanımdan almışdır. Bəllidir ki, Xurşidbanu Natəvan müntəzəm surətdə rəsm sənəti ilə məşğul olmuşdur. Araşdırmalar göstərir ki, o, hətta Tiflisdə oğlu Mehdiqulu xanın yanında olarkən, boş vaxtlarını Kürün sahillərində keçirər, birbaşa naturadan təbiətin gözəlliyini əks etdirən gül-çiçək, mənzərə lövhələrini işləyərmiş. Müasirləri xan qızının rəsm əsərlərini yüksək qiymətləndirmişlər.

Beləliklə, mütərəqqi fikirli və xalqını qəlbən sevən Natəvan Azərbaycan ədəbiyyatı tarixində özünərnəxsus mövqeyə malik şairə olmaqla yanaşı, həm də zərif ruhlu rəssam idi. 1886-cı ildə tərtib olunan, bu günə kirni MEA – nın Əlyazmalar İnstitutunda qorunub saxlanan “Gül dəftəri” məhz Xurşudbanu Natəvanın zəngin əməyinin bəhrəsidir. Albomda Natəvanın müxtəlif vaxtlarda çəkdiyi gül-çiçək, quş rəsmləri və ornamentləri ilə yanaşı bir neçə mənzərə də vardır.

Hələ 1858-ci ildə Natəvan öz əli ilə hazırladığı bir muncuqlu tirməni Bakıya gəlmiş məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə vermişdir. Əl işinin incəliyinə heyran olan Düma onu “ən qiymətli hədiyyə” adlandırmışdır.

Natəvanın sənəti milli ənənəvi Şərq miniatür sənəti ilə Qərbi Avropa rəssamlıq məktəbinin maraqlı sintezinin göstəricisidir. Onun əl işləri öz dövründə Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş sərgilərdə nümayiş etdirilmişdir. 1882-ci il Ümumrusiya sərgisinin Qafqaz şöbəsi vitrinində qoyulmuş sənət nümunələri içərisində Xan qızının (Natəvanın) mahud üzərində qızıl-gümüş saplarla toxuduğu əsərlər xüsusi diqqəti cəlb etmişdir. Onlar düzgün və ciddi rəsmləri, rənglərinin vəhdəti ilə seçilir.

Mir Möhsün Nəvvabın (1833-1919) həyat və yaradıcılığı Qarabağ xanlığının mərkəzi sayılan Şuşa şəhərində keçmişdir. Məlumatlara görə, o vaxtlar Şuşa şəhəri mədəniyyət və incəsənətin ən görkəmli mərkəzlərindən sayılırdı. Burada görkəmli şairlər, musiqişünaslar, rəssamlar, zərgərlər, bədii tikmə ilə məşğul olan ustalar və b. yaşayaraq yüksək səviyyəli sənət əsərləri yaratmışlar. Bu əsərlərin çoxu hazırda dünya muzeylərinin yaraşığına çevrilmişdir.

Şuşada yaşayıb yaradan sənətkarların ən maraqlı xüsusiyyətlərindən biri ondan ibarət idi ki, onların əksəriyyəti bir sənəti yox, bir neçəsini mükəmməl bilirdilər. Buna ən gözəl nümunə Mir Möhsün Nəvvabdır.

XIX əsrin görkəmli alimi, şairi, rəssamı olan M.M.Nəvvab Azərbaycan təsviri sənətində xüsusi əhəmiyyətə malik neçə-neçə sənət incisinin də yaradıcısıdır. Evindəki divar rəsmlərini də özü rəsm etmişdi və bu rəsmlər bərpa edildikdən sonra 1991-ci ildə Nəvvabın ev – muzeyi yaradılmışdır. Nəvvab hərtərəfli biliyə və çoxcəhətli yaradıcılığa malik ziyalı sənətkar idi. Xəttat və rəssam, şair və musiqişünas olan M. Nəvvab ornamental divar rəsmləri də çəkmiş, gözəl xətlə yazdığı əlyazma nüsxələrinin və şəxsi mətbəəsində litoqrafiya üsulu ilə çap etdiyi kitabların illüstrasiyalarını vermiş, gül və quş təsvirləri, portretlər yaratmışdır.

Usta Qənbər Qarabağlı tərəfidən divarları bəzədilmiş Kərimbəy Mehmandarovun, Hacı Məmmədovun və İskəndər Rüstəmovun, Səfibəyovun evlərindəki rəsmlərdə döyüş və ov səhnələri, xalq nağılları və nəbati motivlər üstünlük təşkil edir.

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan təsviri sənəti öz inkişafında tam yeni mərhələyə qədəm qoymuşdur.

Kitab qrafikası sahəsində uzun illər çalışmış Əmir Hacıyev, görkəmli heykəltəraş Cəlal Qaryağdı, dünya şöhrətli rəssam İsa İbrahimov, Altay Hacıyev, ustad boyakar Nadir Əbdürrəhmanov, Elturan Avalov, Ağəli İbrahimov, Elşən Hacızadə, Rövşən Bayramov, Zaur Mirzəyev, Valeh Məmmədov və s. sənətkarların Azərbaycan təsviri sənətində xüsusi yeri vardır.

Miniatür sənəti

miniaturİslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, “siyah qələm” və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Qarabağ bölgəsində də miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.

Qarabağ miniatür sənəti yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan incəsənəti tarixində özünəməxsus yer tutur. Lakin, heç şübhəsiz ki, Azərbaycan miniatür sənətində Təbriz miniatür məktəbi aparıcı rol oynamış və başqa məktəblər, o cümlədən Qarabağ miniatür məktəbü üçün istiqamətverici məktəb rolunu oynamışdır. Şamaxı, Bakı, Gəncə, Ərdəbil ərazilərində də miniatür sənəti yüksək inkişaf etsə də, bu məktəblər Təbriz məktəbi kimi təsiredici qüvvəyə malik olmamışdır. Elə bu səbəbdən Qarabağ miniatür məktəbində baş verən dəyişiklər də bilavasitə Təbriz miniatür məktəbindən asılı olmuşdur.

Kitab illüstrasiyası kimi yaranıb formalaşan Qarabağ miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin bu tarixin XIII əsrin əvvəllərinə təsadüf edildiyi haqqında fikirlər daha real görünür.

Qarabağ miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlmişdir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri – ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi.

XVI əsrin ortalarında Qarabağ rəssamları bir sıra portret miniatürləri yaratmışlar. Belə portretlər tipikliyi, obrazların həlli və etnoqrafik cəhətdən bir-birinə həddindən artıq çox bənzəyirdi.

Qarabağ XVI əsrin ikinci yarısı və sonlarında kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir.

Qarabağ miniatür sənəti XIX əsrin sonlarına qədər davam etmişdir. Lakin XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv “lubok” xarakteri daşıyırdı.

Qarabağ miniatür sənətində Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanmışdır.

Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Qarabağ miniatür sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənimiş, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra qarabağlı rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnmişdir.