Qarabağın tarixi ərazisi

eraziserhedQarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri – Şəki bölgəsi, Gəncə şəhəri – Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.

“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir.

Qarabağın ərazisi haqqında vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir “Qarabağ tarixi” (1847) əsərində yazırdı: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə “Dağlıq Qarabağ” deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olmuşdur. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı çox sonraların “məhsuludur”, separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır.

 

Qarabağ ən qədim zamanlardan xanlıqlar dövrünədək

Azərbaycanın tarixi ərazisi olan Qarabağ ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.

1968-ci ildə Azıx mağarasının aşel təbəqəsindən Azıx adamı – azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Qarabağda Mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur.

Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu – I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnerariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu tip tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.

Qədim dövrlərdən başlayaraq təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı etno-siyasi proseslər də davam etmişdir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlmişdir. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olmuşdur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalmışdır. Bu dövrdə, ümumiyyətlə Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu olmamışdır. Çox sanballı tədqiqatçıların fikrincə, Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kənarda yerləşirdi. Qədim dövrdə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermənistan SSR-in hüdudlarından uzaqda idi. Urartu dövlətinin varlığına son qoyan Midiya dövləti (e.ə. 672-550) zamanı vəziyyət dəyişdi. Midiya Cənub-şərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi.

Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı.

E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV- e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynamışdır. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bilmişdi.

Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar – uti, qarqar və başqaları da alban tayfaları idilər. Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma “Böyük Ermənistan” adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirdilər.

Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma “Böyük Ermənistan” əfsanəsi puça çıxdı, onlar Romanın vassalına çevrildi. Bu vəziyyət IV əsrədək davam etmişdir. Bu dövrdə Azərbaycan-Albaniya dövləti isə müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.

Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Göyçə gölü hövzəsində yayılmışdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı “Kitabi-Diyarbəkriyyə”sində) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.

Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş vermişdir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı.

Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər.

Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdır. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, “Xaçın ölkələri knyazı”, “Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı” titulları ilə yanaşı, “Albaniya hökmdarı” titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan – Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan Qanzasar monastrı tikilmişdir.

Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir. XIII-XIV əsrlərdə Qarabağ Hülakülər dövlətinin siyasi tarixində mühüm rol oynamışdır. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Əbu Səid) Qarabağda vəfat etmişdir.

XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş vermişdir. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan “məlik” titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları – məlikliklərinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.

Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlanıldı. Çox sonralar Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil almışdır.

Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaratmışdır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür yaradır. 1593-cü il məlumatına görə, Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü. Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı azərbaycanlılara məxsus idi.

Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrilmişdir. Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir.
Hesablamalara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar, 37,8 min nəfərini (31%) ermənilər (daha doğrusu qriqorianlaşmış və erməniləşmiş albanlar), 3,7 min nəfərini (3,1%) kürdlər təşkil etmişdir.

Bu dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlar siyasi cəhətdən fəallaşmışdır. Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər – xanlıqlar yarandı. Başqa sözlə Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etmiş oldu. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı – Gəncə və Qarabağ xanlıqları yarandı.

Qarabağ xanlığı

qxanligiNadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, bir müddət Nadir şahın qulluğunda olmuşdur. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını incidib cərimə etdilərsə də, fayda vermədi.

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti – Qarabağ xanlığı yarandı. Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri – doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman onun ərazisində Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan – türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu.

Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən “xan” kimi tanınması ilə nəticələndi.

Pənah xanın “Qarabağ hakimi” kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü də mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra Pənah xanın nüfuzu daha da artdı. Bayat döyüşü eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olundu və 1751-ci ildə qalanın (Şuşanın) tikintisi başa çatdı. Xan oranı özünə məskən etdi.

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların – məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.

Tarixi faktlar göstərir ki, Xaçın istisna olmaqla, Qarabağdakı digər 4 məliklik və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına “haqq” qazandırmaq üçün həmin məliklərə “erməni dövlətçiliyinin” davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər.

Xəmsə (beş) məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı. Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.

Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular. Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı. İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada – Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.

Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi.

1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.

XVIII yüzilin sonları – XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu. İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

Qarabağnamələr

qarabagnameAzərbaycanın tarixi cəhətdən ən qədim bölgələrindən olan Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənmək üçün Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal bəy Cavanşir Qarabağinin “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin “Tarixi-safi”, Mir Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi-Qarabağ”, M. Baharlının “Əhvalati-Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi”, Həsənəli xan Qaradağinin “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları” və Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərlərində olduqca qiymətli məlumatlar var.

“Qarabağnamə”lər salnamə xarakteri daşıdıqları və eyni tarixi dövrdə baş verən hadisələri əks etdirdikləri üçün bir-birini, əsasən, təkrar edir. Başqa cür də ola bilməz. Salnamələrin diqqətlə təhlil edilməsi belə bir nəticəyə gəlməyə imkan verir ki, bütün başqa Azərbaycan xanlıqları kimi Qarabağ xanlığının da meydana çıxması sosial-iqtisadi və ictimai-siyasi proseslərin qanuni nəticələrindən biri idi.

“Qarabağnamə”lərin uzun müddət işıq üzü görməməsi də onların tarixçi alimlərin nəzərindən kənarda qalmasına səbəb olmuşdur. Bu qiymətli tarixi salnamələri diqqətlə araşdırarkən məlum olur ki, onlarda XVIII əsrdə və XIX əsrin əvvəllərində Qarabağın, həm də bütövlükdə quzeyli-güneyli Azərbaycanın, habelə bütün Cənubi Qafqazın və Ön Asiyanın həyatında baş vermiş mürəkkəb ictimai-siyasi proseslərin obyektiv şəkildə işıqlandırılması, bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilməsi, bədnam ermənilərin canfəşanlıqla dünyaya səpələdikləri məkrli yalanları puça çıxarmaq üçün qiymətli məlumatlar var.

Qaynaqların təhlili bir daha əyani şəkildə sübut edir ki, Qarabağ xanlığı Azərbaycan feodal dövləti kimi yaranmış, elə bu şəkildə də Rusiya imperiyasının tərkibinə qatılmışdır. 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsinə Sisianovla birlikdə Qarabağ xanı İbrahimxəlil xan Cavanşir də qol çəkmişdir.

Salnamə müəllifləri Qarabağın tarixi coğrafiyasını, onun daxilində və xaricində baş verən siyasi hadisələri, habelə Pənahəli xanın və İbrahimxəlil xanın dövrlərində tikilən şəhər və tarixi abidələr haqqında geniş məlumat verirlər. Bu məlumatlar xalqımızın tarixi, məişəti, təsərrüfatı, o zamankı həyat tərzinin bir sıra mühüm mətləblərinə işıq salmağa, XVIII əsrin ikinci yarısında bu bölgələrdə gedən taleyüklü tarixi proseslərin obyektiv mənzərəsini yaratmağa imkan verir.

Mirzə Adıgözəl bəyin və Mirzə Camal bəy Cavanşir Qarabağinin öz salnamələrini Rusiya imperiyasının Cənubi Qafqazdakı canişinlərinin sifarişləri ilə yazdıqları mütləq nəzərə alınmalıdır. Hər iki tarixçi Rusiya imperiyasının dövlət idarələrində qulluq etmişdir. Məhz bu məqam Rusiya siyasəti ilə bağlı bir çox hallarda bu qiymətli qaynaqların məlumatlarına diqqətlə yanaşmağı, onları başqa məxəzlərlə tutuşdurmaq hesabına əsl həqiqəti aşkara çıxarmağı tələb edir.

Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsəri tarixi məzmununa görə xüsusilə fərqlənir.

Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” əsəri də başqa salnamələrlə müqayisədə olduqca zəngindir. Müəllif Pənahəli xan və İbrahimxəlil xan dövrlərini daha dolğun təsvir edir, tarixi hadisələri ardıcıllıqla verir. Mirzə Camal bəy Cavanşir öz əsərində Qarabağın ictimai-iqtisadi vəziyyətini, kənd təsərrüfatını, suvarma şəbəkəsini, becərilən bitkiləri, xanların və onların qohumlarının əmlakını, mədaxil və məxariclərini, hərbi qüvvələrini və sair ətraflı göstərir. Mirzə Camalın salnaməsi müəllifin yaşadığı dövrün təsirindən irəli gələn məhdud cəhətlərinə baxmayaraq, digər “Qarabağnamə”lərlə müqayisədə böyük üstünlüklərə malikdir.

Mirzə Yusif Qarabağinin “Tarixi-safi” əsəri özündən əvvəlki salnamələrdən o qədər də ciddi şəkildə fərqlənmir. O, Mirzə Adıgözəl bəyin və Mirzə Camal Cavanşirin qeyd etdikləri tarixi hadisələri təkrar edir. Müəllifin əsərinin fərqli cəhəti ondan ibarətdir ki, o, öz əsərində erməni millətçiliyinə daha çox üstünlük verir. Ona görə də Mirzə Yusif Qarabağinin əsərinə daha çox tənqidi yanaşmaq lazımdır.

Əhməd bəy Cavanşirin “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsəri də digər salnamələr içərisində özünəməxsus yer tutur. Onu da qeyd edək ki, Əhməd bəy Cavanşir öz əsərindən danışarkən qeyd edirdi ki, istifadə etdiyim mənbələr Mirzə Adıgözəl bəyin, Mirzə Camalın əsərləri və digər mənbələr olmuşdur. Əhməd bəy Cavanşirin əsərinin fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, o, Kürəkçay müqaviləsinə də müəyyən qədər diqqət yetirmişdir. Əhməd bəyin əsərində İbrahimxəlil xana qarşı qərəzçilik özünü aydın surətdə göstərir. Müəllif heç bir səbəb olmadan Məhəmməd bəy Cavanşirə haqq qazandırmağa çalışır.

Mirzə Mehdi Xəzaninin “Kitabi-tarixi-Qarabağ” əsəri dil və üslubuna görə bir qədər çətin olsa da, tarixi baxımdan çox əhəmiyyətlidir. O öz əsərində Qarabağın mədəniyyəti ilə bağlı məsələlərə daha çox yer vermişdir. XIX əsrin əvvəlləri Azərbaycan mədəniyyətinin dolğun mənzərəsini yaratmaq üçün bu, çox mühüm məxəzdir.

Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsəri, özünün etiraf etdiyi kimi, atasının əsərinin yığcam xülasəsindən ibarətdir. Lakin hər halda Rzaqulu bəyin salnaməsində bir sıra əlavə materiallar var ki, onlar dövrün tarixinin daha dolğun yazılması üçün faydalı ola bilər.

Mirzə Rəhim Fənanın “Tarixi-cədid-Qarabağ” əsərinin bəzi hissələri əldə edilmədiyindən onun haqqında tam təsəvvür yaratmaq imkan xaricindədir. Bu əsərdə də müəllif özündən əvvəl yazılan salnamələri sanki təkrar edir. Hər halda Mirzə Rəhim Fənanın salnaməsi də Qarabağın dolğun tarixinin yazılması baxımından bir sıra məziyyətlərə malikdir. Əsərdə qeyd edilən məlumatlar, o dövrün ictimai-siyasi ab-havasını dərk etmək baxımından xüsusilə maraq doğurur.

Qarabağ xanlığının tarixinə həsr edilən salnamələrdən biri də M. Baharlının “Əhvalati-Qarabağ” əsəridir. Müəllif əsərində Qarabağın tarixindən daha çox onun memarlıq abidələrinə, tarixi şəxsiyyətlərinə, adət və ənənələrinə, etnoqrafiyasına yer verir. Azərbaycan mədəniyyəti, xüsusilə də, orta əsrlər mədəniyyəti tarixi üzrə qaynaqların kasadlığı şəraitində bu, çox qiymətli mənbədir.

Həsən İxfa Əlizadə də “Şuşa şəhərinin tarixi” əsərini yazmışdır. O, əsərində Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinin bünövrəsinin qoyulmasından bəri baş verən hadisələri izləmiş və məscidlərin üzərindəki daş kitabələri tərcümə etmişdir.

Qarabağ tarixinə həsr olunan salnamələrdən biri də Həsənəli xan Qaradağinin “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları” əsəridir. Bu əsər yarımçıq və çox qüsurludur. Müəllif əsərində Qarabağın tarixi abidələrinə aid az da olsa, məlumat verir.

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Qarabağın tarixinə aid xeyli tarixi məlumat toplamışdır. Müəllif Qarabağın tarixi coğrafiyası və etnoqrafiyası haqqında topladığı çoxlu məlumatı əsərinin beşinci fəslində çox maraqlı və oxunaqlı şəkildə sistemləşdirmişdir.

A. A. Bakıxanov qeyd edir ki, müstəqil dövlətlər olan xanlıqlar dövründə ara müharibələrinə baxmayaraq, məhsuldar qüvvələrin inkişafı istiqamətində xeyli irəliləyiş olmuş, XIX əsrin ilk onilliklərində vətən torpaqlarının Romanovlar və Qacarlar arasında parçalanması isə Azərbaycana, onun sosial-iqtisadi və mədəni-siyasi həyatına ağır zərbələr vurmuş, rus müstəmləkəçilərinin əli ilə bugünkü bəlalarımızın ən böyüyünün əsası qoyulmuşdur.

“Qarabağnamə”lərdə erməni ünsürü haqqında söhbət getmir. Çünki Qarabağa erməni ünsürü XIX əsrin əvvəllərində Rusiya müstəmləkəçilərinin əli ilə gətirilmiş, son 15-20 il ərzində xalqımızın başına açılan oyunların bünövrəsi məhz o dövrdə – XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarına, o cümlədən də, Qarabağa ermənilərin köçürülməsi ilə qoyulmuşdur.

Ermənilərin Qarabağa köçürülməsi

ekocurulmeÇar Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi. Bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.

Erməni-rus münasibətləri çar Rusiyasının Kazanı (1552) və Həştərxanı (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639,1711,1768-1774, 1787-1791 və b.) genişlənmiş, onun Xəzər sahili torpaqları istila etmək cəhdləri ilə daha da möhkəmlənmişdir. Bu hadisələrin gedişi zamanı ermənilərin çar Rusiyaya köçürülməsi və burada erməni koloniyaları yaradılması başlanır. Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana görə, çar Rusiyasının işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində çar Rusiyasının qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı. Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: “İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən xahiş etdim və indi mən cənaba yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın”. 1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. XV maddədən: “Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir… Bundan başqa, o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir”.

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və s. Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin çar Rusiyasına köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi. Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi. N.İ.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür”. Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət verilirdi. A.S.Qriboyedov yazırdı: “…rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır…”. Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi. N.Şavrov yazırdı: “Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır”. Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı. 1823-cü il məlumatına görə, Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1,5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişdi. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5%, ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu. 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə, DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdarə rayonunun Marağaşen – Leninavan kəndində xüsusi abidə qoymuşdular.

Ermənilərin köçürülməsi həm çar Rusiyasının, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox hiyləgər olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar.

Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə

axc1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsində vaxtı ilə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarının qanuni varisi olduğunu bəyan etdi. İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: “Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir”.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası da Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: “Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq – Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq”.

Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənistan (Ararat) Respublikasının Xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunmuş və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilmişdir.
Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikalılarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermədilər. 1919-cu ilin sonları-1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.

Ermənilər Cavanşir qəzasında da sakitləşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adi hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-yay aylarında qəzanın düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər.
Qarabağın digər qəzası – Cəbrayılda da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağıdıcı xarakter almışdı.
Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.