Qarabağ mədəniyyəti

qmedeniyyetİki yüz ildir ki, Azərbaycanın tarixi məkanlarından biri olan Qarabağı faciələr meydanına çevirən ermənilər bütün vasitələrdən istifadə edərək zaman-zaman tariximizi saxtalaşdırır, uydurma tarix yaradır, azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarırlar. Siyasətbazların əlində alətə çevrilmiş erməni “tarixçiləri” Qarabağ torpaqlarının ermənilərə məxsus olmasını «sübut edən faktlar” toplayır, “hüquqi sənədlər” hazırlayır, ermənilərin ərazi işğallarına qanuni don geyin-dirməyə çalışırlar. Erməni ideoloq və «arxeoloqları” Qarabağın alban xristian abidələrini “erməni abidələri” kimi qələmə verməyə çalışır, hətta guya qədim mənbələrdən istifadə edərək, bütövlükdə Kür və Araz çayları arasındakı ərazilərin «əzəli erməni torpaqları» olduğunu sübut etmək istəyirlər. Halbuki, ermənilər nəinki Qarabağda, hətta Qafqazda XIX əsrədək heç vaxt kompakt şəkildə məskun olmamışlar və bu maddi mədəniyyət də onlara aid ola bilməzdi.

Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.

Albaniyada V əsrin başlanğıcında istifadə edilmiş yeni formada və rəsmi yazılarda işlənməsi hesab edilən alban əlifbası icad edilmişdir. Bununla əlaqədar təhsil ocaqları yaranmışdır ki, bunun da əsas mərkəzi Qarabağın qədim şəhəri Bərdə idi. Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər- alban xristian dini abidələri yaradılmışdır. Ağdərədə Amaras (qədim türk dilində bu söz «ağ hun» deməkdir), Ağdamda Govurqala (qeyri müsəlman-alban xristianlığına məxsus qala), Laçında (Ağoğlan), Kəlbəcərdə (Haşavəng (Xotavəng), Çahartağ) alban xristian məbədləri, həmçinin Xocavənd alban kilsəsi (Sos kəndi), Ağcabədinin Təzəkənd yaşayış məntəqəsindəki üçnefli bazilikalı bina, Bərdə şəhərində aşkar olunmuş üç yarım dairəvi apsidalı məbəd Azərbaycanın Qarabağ bölgəsinin tikinti memarlığını, eləcə də tarix və mədəniyyətini səciyyələndirir.

Qarabağ bölgəsi nəinki Azərbaycanın, həmçinin dünyanın qədim tarixə malik olan bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir.

Qarabağlıların zəngin yaradıcılığında ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Təbiidir ki, onların məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verir. Əbəs yerə deyil ki, indi dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının, həmçinin Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Qarabağlıların əməyi sayəsində yaranıb bölgənin həyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixi var. Qarabağdan tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Qarabağ xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Arxeoloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Qarabağdan aşkar edilmiş hər bir arxeoloji material, başqa sözlə maddi mədəniyyət nümunəsi olan irili-xırdalı bütün əşyalar – tikinti materialları, məişət əşyaları, süfrə qab-qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlərin, naxışların həkk olunması baxımından qarabağlıların həyatında özünə yer tutan qədim mədəniyyətin xarakterik cəhətləri, səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Qarabağda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir. Müxtəlif dövrlərdə Azərbaycanın Qarabağ xalçaçılıq mnəktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus «genofond»unu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşmışdır. Məhz bu dövrdə, güclənməkdə olan Rusiya-Azərbaycan bədii və mədəni əlaqələrinin güclənməsinin təsiri altında Qarabağ incəsənətində tədricən keyfiyyət dəyişiklikləri baş verdi və bu da milli incəsənətdə yeni realist xüsusiyyətlərin meydana çıxması ilə nəticələndi. Öz zənginliyinə və öz unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olmuşdur və olacaqdır. Bütün bunlar göstərir ki, Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür.

Qarabağ bölgə özəlliyi

 

bolgeozelliyiAzərbaycanın Qarabağ bölgəsinin sakinləri tərəfindən həyat fəaliyyətinin müxtəlif sahələrində toplanmış zəngin ənənələr Qarabağı onun hüdudlarından çox-çox uzaqlarda da məşhurlaşdırmışdır.

Qarabağda maldarlığın əsasını atçılıq və qoyunçuluq təşkil edir. Burada xalq seleksiyası yolu ilə Qarabağ atı və Qarabağ qoyun cinsi yetişdirilmişdir. Bu atlar ta qədimdən bütün Avropada ad qazanmışdır.

Azərbaycanlıların musiqi mədəniyyətinin inkişafında Qarabağ xanəndələri müstəsna rol oynamışlar. Keçmişdə Qarabağ xalq ifaçıları bütün Şərqdə məşhur idi. Azərbaycan ədəbi dilinin inkişafına Qarabağ dialektinin təsiri olmuşdur.
Qarabağ “Qırmızı kitab”a düşmüş nadir bitkilər vətənidir: Hirkan şümşadı – pirkal, Qafqaz xədicəgülü, komarov birəotusu, gözəl təkəsaqqal, məxməri gərməşov, adi şabalıd, Qarabağ dağ laləsi, sağsağan gülxətmisi və s. Dünyanın nadır bitkilərindən sayılan xarıbülbül yalnız Qarabağda – Şuşada bitir.

Keçmişdə bölgədə “qaradam” (“ev damı”, “torpaq dam”), “bağdadi” və “tağbənd” ev tipləri geniş yayılmışdır.

Qarabağ xalçaçılıq məktəbi də bütün dünyada məşhurdur. Burada müxtəlif çeşnili xalçalar – “Ləmbərani”, “Çələbi”, “Açma-yumma”, “Balıq”, “Buynuz”, “Qarabağ”, “Bərdə”, “Ləçəktürünc” xüsusilə fərqlənir.

Qarabağ Azərbaycan xalq musiqisinin, xüsusilə muğamatın və poeziyasının beşiyidir. Buradan xeyli məşhur musiqiçi, şair, yazıçı, adlı-sanlı xanəndələr çıxmışdır.

Bölgə yeməkləri, o cümlədən şirniyyatı Azərbaycan mətbəxinin zənginləşməsinə böyük təsir etmişdir (Qarabağ kətəsi, Bərdə nanı və s.).

Qarabağ mətbəxində kətənin xüsusi yeri var. Qarabağ mətbəxində qoyun və mal ətindən qovurma, qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız – bız, şorbalar və müxtəlif plovlar bişirilir. Qızardılmış və qaynadılmış çay balığından da istifadə olunur. Qarabağ mətbəxində qurudulmuş meyvələr geniş istifadə olunur. Onlardan xoşab, plov, şorba, ət xörəklərinin hazırlanmasında istifadə olunur və çərəz kimi süfrəyə verilir. Qarabağ mətbəxində cad, ət qutabı, fəsəli, kətə, şəkərbura, paxlava, quymaq, halva, qurabiyə, şorqoğalı, dovğa, kababın müxtəlif növləri və s. yeməklər bişirilir.

Qarabağ toylarını fərqləndirən başlıca əlamətlərdən biri burada (Bakı və Şirvanda olduğu kimi) muğama geniş yer verilməsidir. Toy əhli oynamaq, şənlənməkdən çox muğama qulaq asmağı sevirlər.

Qarabağ toylarında gəlin toy mağarına gətirilmir. Ümumiyyətlə, məclis yalnız kişilər üçün qurulur, qadınlar toy mağarına gecə, yemək mərasimi bitdikdən sonra gəlirlər.

Gəlin evindən əşya oğurlamaq da Qarabağ bölgəsində yayılmış adətlərdəndir. Toy alayı oğlan evinə tərəf yönələn kimi, qız evindən “oğurlanmış” əşyalar ətrafdakılara göstərilir. Bu özünəməxsus adətin başqa adları “şeyoğurluğu”, “xəspuşluq”, “xəkrizdəmə” (Ağdam, Füzuli, Şuşa, Tərtər), “çıpıtma” (Laçın, Cəbrayıl), “xırsızlıq”, “sirqət”dir. Bəzi yerlərdə isə qızın anası çörək əvəzinə gəlinə bir çimdik ocaq külü verir.

Qarabağ atları

qatlarAzərbaycanın Qarabağ atları dünyada nadir at növü, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir.

Qarabağ atlarının süysüyünün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm, əl darağının çevrəsi 18,3 sm-dir. Əsasən qızılı-kürən və kəhər atlardır. 1946 – cı ildən başlayaraq Ağdam atçılıq zavodunda cinslə damazlıq iş aparılır.

Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir.

“At haqqında kitab” da deyilir ki, müasir don atları qızılı rəngdə olmalarına görə birinci növbədə Qarabağ atlarına borcludur. Qarabağ atları bir sıra beynəlxalq sərgi və müsabiqələrdə fəxri yer tutmuş, mükafatlar və medallar qazanmışdır. Müsabiqələrdə Qarabağ atları “Meymun”, “Toxmax”, “Ağalar”, “Bayram”, “Zaman”, “Qaragözlü”, “Qafqaz gözəli” və s. adlar altında iştirak etmiş və dəfələrlə qalib gəlmişdir.

Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.

Qarabağ atlarının sadalanan tipiklik əlamətlərindən aşağıdakılar хüsusən diqqəti cəlb edir:

• ilk növbədə dağlıq mənşəli atlara хas olan bədənin bütün hissələrinin hormanik və sıх surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saхlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olması;

• atın cənub mənşəli olmasını göstərən, dərinin nazik və quru, tüklərin zərif və göz qamaşdırıcı parlaq rəngi, sanqvinik-хolerik temperamentə malik olması, soyuqlamaya meyllik və s.;

• atın saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılıq hissinin biruzə verilməsi və s.

Qarabağın Хan zavodlarında əsasən 3 tipə aid atlar saхlanılırdı: Maymun, Qarnıyırtıq və Əliyetməz. Maymun tipinə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meylli olmuşlar. Qarnıyırtıq tipinə aid olan atlar çoх yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə Maymun tipindən geri qalmışlar. Əliyetməz (Ceyran) tipi isə daha çoх qısa məsafələrə qaçışda digərlərini ötən, hündür sıçrayışlı, ceyranı хatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olmuşlar. Bundan əlavə, zavodçular Toхmaq tipinə də üstünlük verirdilər. Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olmuşdur.

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hücumundan sonra 1993-cü ilin avqust ayında Ağdam at zavodu təcavüzkarlar tərəfindən işğal edilmişdir. Erməni qoşunları rayonun ərazisinə soхulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, atçılar Qarabağ atlarının döyüş bölgəsindən çıхarılmasını bacardılar.

Döyüş bölgəsindən çıхarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlaх rayonundakı «Aran» damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirilmişdir. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcəbədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürülmüşdür.

Ötən illər ərzində əlverişsiz şəraitdə qalmağa uyğunlaşmış, bununla belə cinsin хarakterik əlamətlərini özündə saхlamış yeni nəsil Qarabağ atları yetişdirilmişdir.

Xarıbülbül

xaribulbul

Xarı bül-bül – Azərbaycanın nadir endemik növüdür. Əsasən Qarabağ ərazisində rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir. Qarabağın, xüsusilə Şuşanın rəmzidir.

Xarıbülbülün digər adı da var – Qafqaz qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül orxideyalar (lat.Orchidaceae) fəsiləsinə, ofris (lat.Ophrys) cinsinə aiddir. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir.

Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Ofrislər bir çox orxideyalar kimi, kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zərqanadlı həşəratların köməyi ilə baş verir və onların çiçəkləri həmin həşəratların formasını və görünüşünü təkrarlayaraq, həşəratları özünə cəlb edir. Göbələklərdən və müəyyən növ həşəratlardan asılı olması Ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Xarıbülbül (Ophrys Caucasica) və Ofrislərin bir çox başqa növləri isə hətta Qırmızı kitabda qeydə alınıblar.