Qarabağ xalçaları

xalchaAzərbaycan xalçaçılığının bir qolu olan Qarabağ xalçaçılığının 33 kompozisiyası mövcuddur. Bu xalçalar həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli.

Azərbaycanın cənub – qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda – dağlıq və aran zonalarında inkişaf etmişdir.

XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. “Aran”, “Bağçadagüllər”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Qoca”, “Qasımuşağı”, “Ləmbərani”, “Muğan”, “Talış”, “Ləmpə”, “Malıbəyli”, “Xanqərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Şabalıdbuta”, və s. çeşidili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.

Qarabağ xalçaçılıq məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf etmişdir. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən şüurlu surətdə imtina edilməsi simvolikanın və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbayacan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi

Buynuz
«Buynuz» adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalça toxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları «Buynuz» xalçasını əvvəllər olduğu kimi, «Horadiz» adlandırırlar.

Balıq
Bu xalça Qarabağ tipinin ən geniş yayılan xalçalarından biridir. Ölkəmizin şimalında «Balıq», İran Azərbaycanında isə «Moxi» adı ilə tanınır. «Balıq» xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab olunurdu. «Balıq» təsvirini xatırladır, buna görə də xalça sənətkarları şərti olaraq bu kompozisiyanı «Balıq» adlandırırdılar.

Qarabağ
«Qarabağ» adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub və hal-hazırda da istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçaları «Qarabağ» adlandırırlar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar «Xan» və ya «Xan Qarabağ» kimi müxtəlif adlar almışlar.

Xanlıq
Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olaraq qalmaqdadır. Yüksək keyfiyyətləri ilə seçilirlər. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal edilən bu xalçalar dünya bazarına və yaramarkalarına ixracat olunan xalçalardan daha gözəl hesab olunurdu.

Qasımuşağı
«Qasımuşağı» xalçasınını adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Qurtaslı, Corman və Şevna kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım qeyd-şərtsiz bir vaxtlar burada yaşayan hörmətli şəxs olmuşdur. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu.

Bəhmənli
Bu xalçanın adı indiki Fizuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. «Bəhmənli» xalçasının orta sahəsində yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. Qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar «heykəl», «manqal» və ya «çanq» (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir.

Muğan
Bu xalça məhəlli olaraq Şirvan qrupuna, parçanını texniki qabliyyətinə görə isə Qarabağ tipinə aiddir. Xalçatoxuyanlar arasında «Köhnə naxış» adını alan bu xalçaların dekorları əsasən qarmaqşəkilli elementlərdən ibarətdir.

Naxçıvan
Bu xalçalar əsas etibarilə Naxçıvanın xalçaçılıq məntəqələrində və şəhərin yaxınlığında yerləşən Noraşen, Şahbuz, Kolanı kəndlərində, həmçinin Culfa və Ordubadın xalçaçılıq məntəqələrində istehsal olunur. Naxçıvanın xalçaçılıq məntəqələrində istehsal olunan xalçalar naxışların məzmununa görə müxtəlifdir, onların hamısı «Naxçıvan» adı altında birləşib.

Çələbi
İlk dəfə bu xalça Çələbilər kəndində istehsal olunub. «Çələbi» xalçalarının naxışlarının kompozisiyası və quruluşu bu kənddə formalaşıb və mükəmməlləşib, daha sonralar isə Dağlıq Qarabağda, Aranda, XIX əsrdən isə Qazax dairəsinin xalçaçılıq məntəqələrində istehsal olunub.

Dəmirçilik

demirchiZəngin Azərbaycan torpaqlarının bir parçası olan Qarabağın dəmir filizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır.

Qarabağda bəsit istehsal texnikasına əsaslanan filizəritmə işində, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Qarabağ ərazisində yanacaq israfı və metal çıxma baxımından iqtisadi cəhətdən az sərfəli olmasımı baxmayaraq, əritmə-döymə üsulu ilə yüksək keyfiyyətli dəmir əldə olunurdu. Ona görə də yerli dəmir ərintisindən hazırlanmış məmulat çox möhkəm və davamlı olmağı ilə fərqlənirdi.
XIX əsrin II yarısından etibarən Qarabağda kustar metal məmulatı dükanlarının xammal ilə təchizatında Bakı şəhəri görkəmli rol oynamağa başlamışdı. Bakı sərmayədarlarının köməyi ilə Qarabağlı dəmir ustaları kifayət qədər xam və işlənmiş (köhnə) metal ehtiyatı ilə təmin olunurdular.

Keçmişdə Qarabağda polad qıtlığı daha çox hiss olunurdu. Xüsusilə xas polad çətinliklə əldə olunduğundan qənaətlə işlədilirdi. Soyuq silah (xəncər, qəmə, qəddarə, qılınc) istehsalı dəbdə olan dövrlərdə poladın kasadlığı daha çəx nəzərə çarpırdı.

Qarabağ ərazisindəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Bunun üçün xassə etibarilə bir-birindən fərqlənən dəmir və poladı qızdırıb istidöymə yolu ilə qaynaq edirdilər.

Qarabağda digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşirdi. Dəmirçixana bir qayda olaraq, həm istehsal emalatxanası, həm də satış dükanı vəzifəsini yerinə yetirməklə ikili səciyyə daşıyırdı.

Qarabağda məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici alətlər (balta, nacaq, dəhrə, məngəl, dəryaz, əraq, cin, qırxılıq, kərki, qiyməkeş, bıçaq, qazan və s.) bir qayda olaraq polad qarışıq dəmirdən hazırlamrdı. Bu məqsədlə, əsasən, qaynaq üsulundan istifadə olunmuşdur. Kəsici alətləri düzəltmək üçün əvvəlcə polad qarışıq dəmir hazırlanırdı. Xassə etibarilə xas poladdan və dəmirdən fərqlənən polad-qarışıq dəmir çox vaxt “qaynaq dəmiri” adlanırdı.

Qarabağda polad qarışıq dəmirin əldə edilməsinin ən bəsit və qədim üsulu xalis qaynaq olmuşdur. Bu halda ərintinin gücləndirilməsinə və calağın möhkəm tutmasına kömək edəcək yardımçı vasitələrdən istifadə olunmurdu.

Qarabağlı dəmir ustaları çoxəsrlik əməli təcrübə nəticəsində metalların xassələrini dərindən müşahidə edib öyrənməklə, istehsal texnologiyasının təkmilləşdirilməsinə və beləliklə də daha mükəmməl əmək alətləri hazırlamağa nail ola bilmişlər. Qaynaq ənənəvi Qarabağ dəmirçilik sənətində başlıca yer tutsa da, dəmir məmulatının, xüsusilə kəsici alətlərin hazırlanması daha bir sıra texnoloji proseslərlə bağlı idi. Məmulat növündən asılı olaraq istehsal prosesində dib çıxarma, küpaçma, sulğuc-çıxarma, dişəmə, növsalma və s. kimi bir sıra texnoloji üsullardan istifadə olunurdu. Əməliyyatların çoxu spesifık səciyyə daşımaqla, müəyyən qrup alətlərin hazırlanmasında tətbiq olunurdu.
Keçmişdə Qarabağlı dəmir ustaları təzə məmulat düzəltməklə yanaşı, sınıb korlanmış, yaxud kütləşmiş alətləri təmir etməklə də məşğul olurdular. Təmir işinin də özünəməxsus istehsal üsulları formalaşmışdı. Adətən, qalın kütləli məmulatlar (balta, tapun və s.) zodlama üsulu ilə təmir olunurdu. Qarabağ dəmirçiliyində sınıq məmulatın calaq edilməsi qadaqlama üsulu ilə də görülürdü. Qadaqvurma ən çox təsərrüfat alətlərinin təmirində tətbiq olunurdu.

Dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında Cəbrayıl qəzasının Xocavənd kəndi, Şuşa qəzasının Ağdam icması xüsusilə fərqlənirdi. Ümumilikdə, Azərbaycanda xırda əmtəə istehsalı səviyyəsinə çatmış şəhər dəmirçixanalarında məmulat növləri üzrə ixtisaslaşma daha erkən başlanmışdı. Belə ki, dəmirçixanaların sayına görə Şuşa Azərbaycan şəhərləri arasında əsas yerlərdən birini tuturdu.

Dulusçuluq

duluschuluqDulusçuluq Azərbaycanda, o cümlədən onun tarixi ərazisi olan Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər.

İlk orta əsrlərin sonlarından başlayaraq Qarabağda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı.

Qarabğda aparılmış arxeoloji qazıntılar göstərir ki, IX – XIII əsrlərdə burada dulusçuluq yüksək inkişaf etmiş bir sənət sahəsi kimi tam formalaşmışdı. Bu dövrdə istehsal edilən saxsı qablar istər hazırlanma texnikasına, istərsə də zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı.

Son orta əsrlərdə Qarabağda saxsı məlumatı istehsalı 3 böyük qrup üzrə – şirsiz qablar, şirli qablar və tikinti materialları istehsalı üzrə ixtisaslaşmışdır. Şirsiz saxsı məmulatı sırasına hər birinin müxtəlif növləri olan küplər, qazanlar, səhənglər, bardaqlar, aftafalar, silbiçlər, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aid edilir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvari naxışlardan geniş istifadə edilirdi.

XVI-XVII əsrlərdə Azərbaycanda tikinti keramikası da yüksək inkişaf etməsilə əlaqədar Azərbaycanın ayrı-ayrı şəhərlərində, o cümlədən Qarabağ ərazisində sarayların, karvansaraların, hamamların tikintisi zamanı şirli üzlük materialdan və keramik mozaikadan geniş istifadə edilirdi.

Qarabağ xanlığının mövcud olduğu XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlində dulusçuluq istehsalın aparıcı sahəsi kimi daha çox məişət keramikasından bəhs etmək olar. Xanlıqlar dövründə məişətdə işlədilən saxsı məlumatı arasında iri həcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tuturdu. Qarabağlı dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Dulusçuluq məhsulları öz təyinatlarına görə bir neçə qrupa bölünürdü. Bunların arasında su qabları, yemək qabları süd məhsullan üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tutur. Təkcə məişətdə işlədilən su qablarının bir neçə növünü daşımaq üçün (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) çox müxtəlif saxsı qablar istehsal edilirdi